Noyabrın 1-də “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı açıqlamalar veriblər.
Amerikalı müşahidəçi Ceyson Kats Azərbaycanda keçirilən parlament seçkilərində iştirak etməkdən məmnun olduğunu bildirib. O deyib: “Məntəqə üzvləri çox yüksək səviyyədə təlim keçiblər. Seçki məntəqələrinin yaxınlığında hüquq mühafizə orqanlarının əməkdaşlarını görmədim. Bu, çox yaxşı haldır. Səsvermə prosesini əvvəldən axıradək izlədik. Məntəqə üzvləri vətəndaşlara səsvermə prosesi zamanı yaxından kömək edirdilər. Barmaqların yoxlanması təqdirəlayiq haldır. Bu, insanların təkrar səs verməsinin qarşısını alır. Ümumilikdə, deyə bilərəm ki, bu seçkilər ABŞ-dakı seçkilərdən də yüksək səviyyədə təşkil edilmişdi”. Amerika Müşahidəçilər Qurupunun sədri, ABŞ Konqresinin hərbi xidmət məsələləri üzrə keçmiş rəhbəri Solomon Ortiz isə seçki prosesini hərtərəfli izləyib təhlil etdiyini vurğulayıb. O bildirib ki, qrup Bakı şəhərində və Azərbaycanın bir neçə rayonunda seçkilərin gedişini izlədi. Yüksək fəallığın hiss edildiyi və aydın şəkildə beynəlxalq normalara müvafiq seçki prosesi müşahidə olunduğunu deyən S.Ortiz qeyd edib ki, Seçki məntəqələrində quraşdırılmış 1000 veb-kamera səsvermənin gedişini bütün dünyada izləmək imkanı yaradıb.
Solomon Ortiz seçki şəffaflığının əsas göstəricilərindən olan “exit-poll” tədqiqatına geniş imkan yaradılması müsbət hal kimi qiymətləndirib.
GUAM-ın baş katibi Valeri Çeçelaşvili də Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq hüquq normalarına cavab verdiyini deyib. Baş katib qeyd edib ki, GUAM Parlament Assambleyasının nümayəndələri Bakıda bir neçə seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər. O həmçinin yerli müşahidəçilərin seçkilərdə fəallıq göstərməsinin vacib olduğunu vurğulayıb.
Latviyalı müşahidəçilər qrupunun rəhbəri Romans Naudins seçki prosesinin ümumilikdə çox gözəl mühitdə keçdiyini, heç bir qanunazidd hərəkət qeydə almadıqlarını bildirib. Latviya ilə Azərbaycanın sıx əlaqələrə malik olduğunu deyən müşahidəçi xalqımıza uğurlar arzulayıb.Digər müşahidəçi İnesis Bokis Azərbaycandakı seçkilərlə Latviyadakı seçkilər arasında fərqin olmadığını bildirib.
"Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara cavab verib və çox yüksək səviyyədə təşkil olunmuşdu".
TürkPA müşahidə missiyasının rəhbəri, qurumun iqtisadiyyat komitəsinin sədri Qazaxıstan parlamentinin deputatı Serikjan Kanayev deyib.
Onun sözlərinə görə, dünən TürkPA-dan olan müşahidəçilərlə birgə Səbail, Yasamal, Nəsimi, Binəqədi rayonlarında yerləşən seçki məntəqələrində müşhaidə aparıblar: "Müşahidələr zamanı məlum oldu ki, seçkilər çox demokratik və beynəlxalq hüquqi normalara cavab verərək həyata keçirilib".
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndələri də seçkilərin demokratik keçdiyini bildiriblər.
Yunanıstan parlamentinin üzvü Symeon Kedikoglou isə seçkilər ərəfəsində siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirdiklərini söyləyib: "Apardığımız müşahidələr onu göstərir ki, seçki hər hansı pozuntu olmadan keçirilib. Bütün hallarda seçkilərin maraqlı keçdiyini və seçici fəallığını müşahidə etdik. Hesab edirik ki, seçkilərdə hər hansı ekstremal şərait yaranmayıb”.
Bolqarıstan parlamentinin üzvü Peter Kanev seçkilərin yüksək səviyyədə keçirildiyini vurğulayıb. O, Azərbaycanın sabit və inkişaf edən ölkə olduğunu deyib: "Azərbaycana 10 ildir ki, gəlirəm və bu ölkədə baş verən dəyişikliklərin şahidi oluram. Düşünürəm ki, seçkilər Avropa standartlarına uyğun keçirilib".
Serbiya parlamentinin vitse-spikeri İqor Becic isə çoxlu sayda seçki məntəqəsində olduğunu və hər hansı seçki pozuntusu ilə qarşılaşmadığını qeyd edib: "Bu baxımdan deyə bilərəm ki, təşkilatçılıq çox yaxşı idi. Azərbaycanda demokratik proseslər baş verir. Mən demokratik seçkilərlə əlaqədar Azərbaycan xalqını təbrik edirəm".
İsrailli ekspertlər adından danışan Arye Qut isə qeyd edib ki,Seçkilər şəffaf keçirildi. A.Qut Azərbaycana qarşı olan təzyiqlərə baxmayaraq, bu seçkiləri yüksək səviyyədə keçirdiyini də diqqətə çatdırıb. ABŞ-da və Avropada olan bəzi dairələr Azərbaycanın yürütdüyü siyasəti anlamır. Azərbaycan öz uğurlu siyasətini davam etdirməlidir – deyə vurğulayıb.
Vaxtilə Avropa Parlamentində təmsil olunan Almaniyalı müşahidəçi Verner Münh isə Azərbaycanın bu seçkilərin öhdəsindən layiqincə gəldiyini deyib.V.Münh 12 məntəqədə səsvermənin gedişini izlədiyini və heç birində problemlə üzləşmədiyini qeyd edib.
Avropa Şurası və BMT-nin missiyalarında iştirak etdiyini, bu sahədə kifayət qədər təcrübəsinin olduğunu vurğulayan Britaniyalı müşahidəçi M.Hankok bildirib ki, Azərbaycanda seçki sistemi yüksək səviyyədədir. O vurğulayıb ki, qadınların seçkilərdə iştirakı təqdirəlayiqdir. Onlar həm seçici, həm də müşahidəçi kimi seçkilərin vacib tərkib hissəsini təşkil edirlər. Azərbaycan xalqı istədiyi seçki nəticəsinin şahidi olacaq.
Qeyd edək ki, noyabrın 1- də keçirilən parlament seçkilərini 40 təşkilatdan 503 beynəlxalq müşahidəçi izləyib.