- Bu ilki parlament seçkilərinin xüsusiyyətlərini nədə görürsüz?
— Xüsusiyyətlər ondan ibarətdir ki, bu ilki parlament seçkilərində fəallıq gözə çatpacaq dərəcədə çoxalıb. Qeydə alınmış namizədlərin sayı keçən parlament seçkilərindən təxminən iki dəfə çoxdur. Baxmayaraq ki, onların bir qismi öz namizədliklərini geri götürdülər, yenə də kifayət qədərdir. 700-dən çox iştirakçı var ki, bu da aparılan kampaniyanın kifayət qədər fəal olmasından xəbər verir.
- Dünyada baş verən siyasi proseslər, eləcə də ATƏT/DTİHB-in Azərbaycandakı seçki prosesini müşahidə etməkdən imtina etməsi bu seçkilərə necə təsir edəcək?
— Bu seçkilərə ümumiyyətlə təsir etməyəcək. Təəssüfedici bir addımdır. İstəməzdik əlbəttə ki, bu təsisat Azərbaycanda seçkilərdə iştirak etməsin, çünki digər yerlərdə də iştirak edib öz sözlərini deyirlər. Düzdür, bunlar daha çox qərəzli mövqedən çıxış edirlər, amma eyni zamanda Azərbaycan tərəfi heç vaxt bu təşkilatın seçkilərdə iştirak etməsindən çəkinmirdi. Sadəcə bunların qərəzli yanaşması artıq ilkin mərhələdə gözə çarpmağa başladı. Missiyanın sayı kifayət qədər böyükdür, baxmayaraq ki, digər ölkələrdə bu missiya qat-qat azdır. Bu da belə fikir yaratmağa imkan verirdi ki, bu missiya əvvəlcədən qərəzli mövqe tutacaq. Buna görə də onların iştirak edib etməməyi bizim üçün kifayət qədər təsirli olmayacaq. Təxminən 500 nəfərədək müxtəlif ölkələrdən, təsisat və təşkilatlardan xarici müşahidəçilər var. Bu da Azərbaycanda keçirilən parlament seçkiləri üçün kifayət edər.
- “Azərbaycan parlament seçkiləri ərəfəsində: iqtisadiyyat, siyasət, inteqrasiya” hesabatının əhəmiyyəti nədədir?
— Bu hesabat daha çox Rusiyada yaşayan və Azərbaycanla maraqlanan insanları, ekspertləri, media nümayəndələrini, geniş ictimaiyyəti işıqlandırmaq xarakteri daşıyırdı. Bu ümumiyyətlə rusdilli əhalinin, burda tək Rusiya yox, yəqin ki MBD ölkələrinin ekspertləri, jurnalistləri və ümimiyyətlə Azərbaycan və regionla maraqlanan insanlara maraqlı olar. Bu baxımdan bu məruzənin rolunu mən yüksək qiymətləndirərdim.