BAKI, 1 noyabr — Sputnik. ABŞ-ın tanınmış "Arthur J.Finkelstein & Associates" sorğu şirkəti Azərbaycanda parlament seçkilərində seçicilər arasında keçirilmiş "exit-poll"un nəticələrini açıqlayıb.
Sputnik xəbər verir ki, mətbuat konfransında şirkət tərəfindən 118 seçki dairəsi üzrə 1053 seçki məntəqəsində 7000 seçici arasında sorğu aparıldığı bildirilib.
Şirkətin apardığı sorğuya əsasən, Yeni Azərbaycan Partiyası 74 faiz göstərici ilə öndədir.
Şirkətin vitse-prezidenti Corc Brinbaun bildirib ki, sorğunun nəticələrinə görə, qalib gələn namizədlərin 65-i YAP-ın nümayəndəsidir: "Qalan 53 dairədən qalib gələn namizədlərin 20-si müstəqil namizəddirlər. Sorğunun nəticələrinə əsasən, qalib gələn 28 namizəd YAP üzvü olsa da, onlar namizədliklərini müstəqil şəkildə veriblər. Qalib gələn digər 5 namizəd isə müxalif partiyaların üzvüdür".