BAKI, 1 noy — Sputnik. Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb.
Saat 08:00-da başlayan seçkilər saat 19:00-da başa çatıb.
Saat 17:00-a olan məlumata əsasən, Milli Məclisə seçkilərdə 2 605 948 seçici (seçici fəallığı 50,1 faiz) səs verib.
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edib. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib.
Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit-poll” keçirib.
Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.