BAKI, 30 okt — Sputnik. Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizliyi irəli sürülmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə sonuncu kütləvi görüşünü keçirib.
Seçki platformasındakı prioritet məsələlərə toxunun namizəd deyib: «Azərbaycanın ən böyük sərvəti neft yox, məhz onun vətəndaşlarıdır. Biz vətəndaşlarımıza layiqli həyatı bəxş edə bilmək üçün ölkədə çoxşaxəli islahatları həyata keçirməliyik. İlk növbədə onların peşəkarlıq səviyyəsinin artmasının qeydinə qalmalıyıq. Azərbaycan yalnız o zaman qüdrətli olacaq ki, o, bütün peşə sahələrini əhatə edən kadrlara, savadlı menecerlərə malik olacaq».
Millət vəkili təhsil və səhiyyə sahəsindəki problemlərə toxunarkən deyib ki, təkcə müasir məktəblər, xəstəxanalar tikməklə, onları bahalı müasir avadanlıqlarla təchiz etməklə iş bitmir. Təhsilin və tibbi xidmətin səviyyəsi də yüksəldilməlidir. Eyni zamanda müəllim və həkimlərin aldıqları məvaciblər onların ləyaqətli həyatını təmin edəcək səviyyədə olmalıdır.
Asim Mollazadə Qarabağ probleminə toxunarkən deyib: “Dövlət büdcəsindən ən çox vəsaitlər hərbiyə ayrılır. Çünki Ermənistan Qarabağ probleminin sülh yolu ilə həllinə maneçilik törədir. Məcburuq ki, uşaqlarımızın təhsilinə, vətəndaşlarımızın sağlamlığına, sosial ehtiyaclarının ödənilməsinə yönəltməli olduğumuz vəsaitləri silah istehsalına yönəldək. Azərbaycan regionda güclü, demokratik, hərbi cəhətdən qüdrətli dövlət olduğunu isbat edə bilməsə, heç kəs ərazilərimizi bizə qaytarmayacaq».
Seçicilər də öz növbələrində Asim Mollazadədən şəhər nəqliyyatında yaranmış problemlər, marşrutların istiqamətlərinin tez-tez dəyişdirilməsindən əhalinin əziyyət çəkdiyi barədə məsələni parlamentdə qaldırmağı xahiş ediblər. Keçən beş il ərzində Asim Mollazadədən quru vədlər, populist çıxışlar deyil, real iş, seçicilərin problemlərinə öz problemi kimi yanaşma müşahidə etdiklərini söyləyiblər. Noyabrın 1-də seçki məntəqələrinə məhz Asim Mollazadənin adını tutaraq gedəcəklərini deyiblər.