BAKI, 30 okt — Sputnik. Gürcüstanın mövcud hakimiyyəti sabiq prezident, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini vətəndaşlıq hüququndan məhurm etmək barədə prosedura başlayıb.
Sputnik gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə naziri Tea Çulukiani jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Saakaşvili barəsində belə bir qərarın verilməsinə səbəb onun Ukrayna vətəndaşı olmasıdır: “Belə ki, Gürcüstan konstitutsiyasının tələblərinə görə, Gürcüstan vətəndaşı digər ölkənin vətəndaşı ola bilməz. Əgər bir şəxs başqa bir ölkənin vətəndaşlığını alırsa, o avtomatik olaraq Gürcüstan vətəndaşı hüququnu itirir”.
Bunu əsas arqument kimi səsləndirən nazir Çulukiani deyib ki, bu gündən etibarən Saakaşvilinin Gürcüstan vətəndaşlığından çıxarılması barədə prosedur qaydaya uyğun olaraq prosesə başlanacaq.
Saakaşvili də rəsmi qaydada məktubla ölkə vətəndaşlığından çıxarılması barədə məlumatlandırılacaq.