BAKI, 29 okt — Sputnik. Azərbaycanda ana böyrəyini öz övladına verdi.
Bu barədə Sputnik-ə məlumat Səhiyyə Nazirliyindən verilib.
Belə ki, oktyabrın 29-da Astara Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat həyata keçirilib.
Rayonun Kijəbə qəsəbə sakini 1988-ci il təvəllüdlü Babayeva Vüsalə Elşad qızı xroniki böyrək çatışmazlığından əziyyət çəkib. Amma donor məsləsində problem olub. Sonda Babayeva Vüsalənin anası donor olmağa razılıq verib. Nəticədə canlı donordan — anası 1966-cı il təvəllüdlü Qənbərova Nazilə Əyyub qızından götürülmüş böyrəklə köçürülmə əməliyyatı həyata keçirilib.
Əməliyyat uğurlu olub. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan ana və qızının vəziyyətinin yaxşı olduğu bildirilir.
Əməliyyat 4 saata yaxın davam edib. Həkimlər donorun gələcək həyatı üçün hər hansı bir təhlükənin olmadığını bildirirlər.