BAKI, 29 okt — Sputnik. Azərbaycan prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" təklifi ilə hazırlanan qanun və sahibkaralara lisenziyaların verilməsinin sadələşdirilməsi özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bunu Sputnik-ə açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu iki sənəd dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməsi kimi dəyərləndirilməlidir. “Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur. Bu artıq özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərəcək. Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəlliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm da sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffaf şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir”, — deyə iqtisadçi alim qeyd edib.
Ekspert bildirib ki, yoxlamaların sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini tam planlaşdırma, iş rejimində hər hansı inzibati fasilələrin baş verməməsi, xərclərə qənaət və ən əsası özəl sektorun genişlənməsi deməkdir: “Aparılan monitorinqlər də göstərirdi ki, sahibkarların fəaliyyətini daha çox yoxlama hüququ olmayan bir sıra dövlət orqanları yoxlayırdılar və bu, heç də sahibkarlara xoş niyyətdən irəli gəlmirdi. Artıq sözügedən qurumlar növbəti 2 ildə sahibkarların fəaliyyətini yoxlamaq və eləcə də müdaxilə etmək imkanına malik olmayacaqlar. Sahibkar sadəcə dövlət qarşısında məcburi öhdəliklərini, ö cümlədən dəqiq hesablanmış vergiləri vaxtında ödəməklə öz işlərini azad şəkildə qura biləcək”.
Bayramov hesab edir ki, sahibkarlığın inkişafına yeni mərhələnin başlaması həm də dövlət büdcəsinin gəlirlərinin şaxələnməsinə səbəb olacaq: “Gələn büdcəyə daxil olan hər 2 manatın təxminən 1 manatı məhz qeyri-neft sektorunun payına düşəcək.”
Ekspert əlavə edib ki, sahibkarlığın inkişafı eyni zamanda maliyyə və məzənnə stabilliyi baxımdan da olduqca vacibdir: “Belə ki, sahibkarlığın inkişafı idxaldan asılılığın aradan qaldırılmasında ciddi rol oynayır. Xüsusən də ərzaq və gündəlik istehlak mallarının yerli istehsal hesabına təmin edilməsi ölkədən valyuta axınının qarşısını alır. Aydındır ki, idxal ölkədən valyuta aparır. İdxalın həcminin yerli istehsalın genişləndirilməsi hesabına azaldılması isə valyutanın ölkədə qalmasına səbəb olur. Bu baxımdan, sahibkarlığın inkişafna dövlət dəstəyinin gücləndirilməsi eyni zamanda maliyyə və məzənnə stabiliyi baxımdan olduqca əhəmiyyətlidir.”
Onun fikrincə, lisenziyaların verilməsinin “ASAN” Xidmətə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək.
“Göründüyü kimi, artıq sahibkarlığın inkişafında yeni və olduqca mühim mərhələ başlayır. Liberal iqtisadiyyat və azad bazarı əsas iqtisadi prinsiplər elan edən ölkəmizdə sahibkarlığın inkişafında başlanan yeni mərhələ xarici faktorların milli iqtisadiyyata təsirlərini minumumlaşdıra biləcək. Bu isə dayanıqlı iqtisadiyyatın möhkəm təməllər üzərində formalaşmasına imkan verəcək”, — deyə o əlavə edib.