BAKI, 29 okt — Sputnik. Müsavat Partiyasının parlament seçkilərindən çəkilməsi və boykot taktikası seçməsi istər siyasi, istər hüquqi, istərsə də bu qərarın təsir gücünə malik olması baxımından yanlış bir qərar idi.
Bunu Sputnik-ə açıqlamasında Müsavat partiyasının üzvü, deputatlığa namizəd Tural Abbaslı deyib,
Onun sözlərinə görə, bu səhv və yanlış qərar vaxtında verilsəydi, bəlkə o zaman hansısa təsir gücünə malik olardı və anlaşılardı.
“Seçki marafonunun finiş xəttinə yaxınlaşdığımız bir vaxtda verilən bu yanlış qərardan Müsavat ziyanla çıxacaq və bunun ağır nəticələrini yaşamalı olacaq”, — deyə Abbaslı əlavə etdi.
O hesab edir ki, seçki marafonunda təbliğat-təşviqat kampaniyasının başa çatmasına və səsverməyə 3 gün qalmış belə bir qərar verməyə heç bir əsas yox idi: “Bir daha təkrar edirəm ki, qərar yanlış olduğu kimi yanlış bir vaxtda da verilib. Belə bir qərarın verilməsi üçün heş bir əsas yox idi.
Axı Müsavt partiyası seçkiyə qatılmaq barəsində verdiyi qəaradan keçən bir ay müddətində ölkədə hansı ciddi hadisə baş verdi ki?.. Sadəcə bu siyasi uzaqgörənliliyin olmamasının nəticəsində, stabil olamayan siyasətin, strateji hədəfləri görə bilməyən partiya rəhbərliyinin verdiyi çox yanlış qərar idi. Bu sadəcə bir günlük siyasi gündəmdə qalmağa və sonrdan partiya daxilindəki bəzi mübahisələrə son vermək üçün verilən taktiki baxımdan verilən qərar idi. Çünki boykotun effekti yoxdur. Biz bunun dəfələrlə şahidi olmuşuq.”
Abbaslı bildirdi ki, partiyanın seçkidən geri çəkilməklə bağlı səsləndirdiyi arqumentlərin indiki məqamda heç bir əsası yoxdur: “Əgər partiya rəhbərliyinin uzaqgörən siyasəti olsaydı, belə bir qərarı əvvəlcədən verərdi. Daha seçki marafonun başa çatmasına bir neçə gün qalmış yox. Bu gün partiyanın 25 namizədi artıq təbliğat-təşviqat kampaniyasını yekunlaşdırırlar. Seçicilərlə xeyli sayda görüş keçiriblər. Seçicilərə vədlər veriblər. Hər bir namizəd özünə görə kifayət qədər maliyyə vəsaiti xərcləyib. Bu qərarla həmin namizədlər seçiciyə verdiyi vədə xilaf çıxdıqları üçün pis vəziyyətə düşmüş olurlar. Bu həm də partiyanın nüfuzuna ciddi xələl gətirir və gətirəcək də… Bu qərar eyni zamanda siyasi opponentlərə, istər hakimiyyətdəki, istərsə də müxalifətdəki rəqiblərə partiyanı tənqid atəşinə tutmaq üçün rəvac verdi.”
Abbaslının fikrincə, Azərbaycan müxalifəti məhz belə səhv siyasi taktiki gedişlərin nəticəsidir ki, uğur əldə edə bilmir.
Abbaslı sonda onu da əlavə etdi ki, o namizədliyini geri götürməyəcək və sonadək mübarizə aparacaq.