BAKI, 28 okt — Sputnik. Yeni yaradılacaq “Azərbaycan İpoteka Fondu” ASC-nin ayrı-ayrı kateqoriyadan olan insanlara fərqli fazi dərəcələrində ipoteka krediti təklif etmək imkanı olacaq.
Bunu Sputnik-ə açıqlamasında ekspert Oqtay Haqverdiyev Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanını şərh edərkən deyib.
Onun sözlərinə görə, fond tam dövlətə məxsus olduğundan bura digər mənbələrlə yanaşı dövlət büdcəsindən də ildə müəyyən ayırmalar olacaq ki, bu da aztəmainatlı ailələrin ipoteka kreditindən yararlanmasına şərait yaradacaq. “Yəni Fond vətəndaşın cəmiyyətdəki kateqoriyasına uyğun olaraq faiz dərəcəsi müəyyən edəcək. Belə ki, gənc və aztəminatlı ailələrə bir cür, digər kateqoriyalı ailələrə isə tamam fərqli fazi dərəcələri təklif edilə bilər.”
Ekspert onu da əlavə etdi ki, bu günə qədər bu işin icrası Mərkəzi Banka həvalə olunmuşdu və bank da bunun öhdəsindən gələ bilmirdi.
“Nəticədə vəziyyətə acınacaqlı idi. Ancaq yeni imkanalr Fonda şərait yaradacaq ki, məsələni müstəqil həll edə bilsin və mövcud problem öz həllini tapsın”, — deyə ekspert bildirdi.
Ekspert bildirdi ki, ASC dövlətə məxsus olduğundan qurumun gələcək fəaliyyətini tənzimləyən mexanizmlə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olacaq.
Qeyd edək ki, oktyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” ASC Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir.