Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Monteneqro Azərbaycan qazının TAP-la ölkəyə çatdırılmasında maraqlıdır

© report.azBoru kəməri
Boru kəməri - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 27-də Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BAKI, 28 okt — Sputnik. Oktyabrın 27-də Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sputnik-in xəbərinə görə, Ş.Mustafayev Azərbaycan-Monteneqro əməkdaşlığının genişləndirilməsində hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığını deyib, Hökumətlərarası Birgə Komissiyanın bu əlaqələrin inkişafındakı rolundan danışıb. Nazir bildirib ki, Azərbaycan ilə Monteneqronun müqavilə-hüquq bazası var və bu vaxtadək iki ölkə arasında 11 sənəd imzalanıb. Müştərək qurumların və birgə tədbirlərin əhəmiyyətindən danışan nazir xatırladıb ki, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr üzrə Mərkəz (“AzMont”) 2011-ci ildə təsis edilib və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təmsilçiliyi statusuna malikdir.

Nazir qeyd edib ki, iki ölkə arasında yüksək səviyyəli mədəni əlaqələr də qurulub. Podqoritsada Hüseyn Cavidin büstünün və “Bakı” küçəsinin açılışı bu əlaqələrin bariz nümunəsidir. Həmçinin 2014-cü ildə Podqoritsada biznes forum, Bakıda isə işgüzar görüşlər keçirilib.

Ş.Mustafayev iki ölkə arasında ticarət, qeyri-neft məhsullarının ixracı, investisiya, infrastruktur layihələrinin həyata keçirilməsində iştirak, tranzit yükdaşımaları, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, turizm sahələrindəki əməkdaşlıqdan da söhbət açıb. Söhbət zamanı İKT və enerji sahələri, AZPROMO ilə əməkdaşlıq və hava əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə olunub.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən qazı Avropaya nəql edəcək “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində işlər uğurla davam etdirilir. Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan “Cənub” qaz dəhlizi transmilli layihədir.

Monteneqronun baş naziri Milo Cukanoviç Azərbaycanın “Cənub” qaz dəhlizinin inkişafında fəal rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, Monteneqro “Cənub” qaz dəhlizi layihəsinin Avropa hissəsini təşkil edən “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin genişləndirilməsində və TAP-la bu ölkəyə də Azərbaycan qazının çatdırılmasında maraqlıdır.

M.Cukanoviç SOCAR-ın Albaniyada qaz şəbəkəsinin yaradılmasında iştirakının əhəmiyyətini qeyd edib. O, gələcəkdə Dövlət Neft Şirkətinin Monteneqronun da qazlaşdırılması prosesində iştirakına ümidvar olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Xəbər lenti
0