BAKI, 28 okt – Sputnik. Liviyanın Zaviyə şəhərində orduya məxsus helikopter vurulub. Bu barədə ölkənin rəsmi xəbər agentliyi məlumat yayıb. İçərisində 14 nəfər yüksək rütbəli hərbçinin olduğu helikopterdən xilas olan olmayıb.
Helikopterin əl- Maya bölgəsində Tobruk hökuməti tərəfdarı olan tayfaların ordusu tərəfindən vurulduğu açıqlanıb.
Həyatını itirənlər arasında Qərb Regionu Əməliyyatları Komandiri Polkovnik Hüseyn Budeyye, Qərb Bölgəsi Komandiri Polkovnik Məhəmməd Sakr və Şəhidlər Briqadasının Komandiri Suheyb er-Ramah da olub.
Hadisədən sonra paytaxt Tripolidə təhlükəsizlik tədbirləri gücləndirilib, şəhərin şərq və qərb girişləri bağlanıb.
Liviyada 17 Fevral 2011-ci ildəki inqilabdan sonra siyasi qeyri-sabitlik və rəqib qruplar arasında münaqişələr hələ də davam edir. Ölkədə faktiki olaraq iki hökumət iş başındadır. Paytaxt Tripoli və Tabruk şəhərində yerləşən iki ayrı hökumətin ayrı-ayrı məclisləri fəaliyyət göstərir.