BAKI, 27 okt — Sputnik. Azərbaycanda keçiriləcək parlament seçkiləri daha çox aktivliyi ilə seçilir. Bu fikri “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə bu gün “Azərbaycan parlament seçkiləri ərəfəsində” mövzusunda Bakı ilə Moskva arasında keçirilən videokörpü zamanı deyib.
Onun sözlərinə görə, bu seçkilərdə rekord həddə namizəd qeydə alınıb. “Bu il keçiriləcək parlament seçkilərinə əvvəlki illərdə keçirilən parlament seçkilərindən fərqli olaraq iki dəfə çox namizəd qeydə alınıb. Bu da seçkiyə olan marağın göstəricisidir”, —deyən Vəlizadə onu da əlavə etdi ki, parlament seçkiləri regionda baş verən çox mürəkkəb geosiaysi proseslər fonunda keçir: “Bu da istər-istəməz daxili siyasətə öz təsirini göstərir.”
Vəlizadə bildirib ki, bir çox müşahidəçilərin fikrincə, son illər Azərbaycanda keçirilən bütün parlament seçkilərinin xarakterik xüsusiyyəti seçkilərdən sonra ajiotajın olmayacağı barədə proqnozların doğru çıxmasıdır: “Bu, daha çox energetika sahəsində reallaşan strateji layihələr və neftin qiymətinin ucuzlaşması fonunda dövlətin gəlirlərinin yüksək sürətlə artması, həmçinin hakim partiyanın elektoral bazasının böyük ölçüdə möhkəmlənməsilə izah olunur”.
Vəlizadə qeyd edib ki, Azərbaycan xalqı qeyri-sabitlik və geniş yayılan inflyasiya illərini yaxşı xatırlayır: "O zaman maaş ayın əvvəli bir məbləğdə, sonunda isə fərqli, yəni daha az məbləğdə olurdu. Obyektiv yanaşsaq, hazırda hakim Yeni Azərbaycan Partiyası daha şanslı görünür. Növbəti devalvasiya ilə əlaqədar olaraq son aylar ölkədəki çətinliklərə baxmayaraq, əhəmiyyətli qızıl və xarici valyuta, həmçinin güclü tənzimləmə mexanizmləri əsasında istehlak qiymətlərinin və inflyasiyanın nəzarətdə saxlanması hakim komandanın davamlı resurslarına ümidlə baxmağa imkan verir. Məsələ ondadır ki, o qədər də asan olmayan bir dövrdə əhalini sabitliyin və təhlükəsizliyinin təminatı daha çox maraqlandırır. Belə bir zəmanətdən isə yalnız təhlükəsizliyi təmin etməyi bacaran Yeni Azərbaycan Partiyası danışa bilər”, — deyə Vəlizadə fikrini yekunlaşdırıb.
“Sputnik-Azərbaycan” agentliyinin baş redaktoru Gülnarə Məmmədzadə isə bildirib ki, Azərbaycandakı 2015-ci il parlament seçkiləri regionda və dünyada baş verən çox çətin proseslər fonunda keçirilir: "Dünya miqyasında qeyri-sabitlik tendensiyası artır və bu proseslər ölkələrin daxili siyasi vəziyyətinə təsir edir".
Onun fikrincə, seçkilər bir qayda olaraq, xarici qüvvələrin müdaxiləsi və məqsədlərini reallaşdırmaları üçün əlverişli şərait yaradır.
“Bu şəraitdə, həm parlament seçkilərinə qədər, həm də ondan sonra Azərbaycan hakimiyyətinin qarşısında milli təcrübəni və beynəlxalq arenadakı mövqeyi nəzərə almaqla, dövlət idarəçiliyi sisteminin effektivliyini gücləndirmək vəzifəsi dayanır. Rəsmi Bakı daxili sabitliyin təmin olunması üçün müəyyən təcrübəyə və kifayət qədər imkana malikdir. Bəzi Qərb ölkələri və onların siyasətləri ilə əlaqəli beynəlxalq qurumlar nəticəsindən asılı olmayaraq qarşıdan gələn parlament seçkilərini maksimum şəkildə mürəkkəbləşdirməyə çalışırlar. Bu, Azərbaycanın xarici çağırışlara qarşı qətiyyətinin yoxlanılmasının vacib mərhələsi kimi təqdim edilir”, — deyə o qeyd edib.
Rusiyalı ekspert Stanislav Pritçin isə son dövrlərdə Qərb dövlətlərinin və Avropa təşkilatlarının Azərbaycana qarşı yönəlik siyasətini tənqid edərək bildirib ki, ATƏT/DTİHB-in Azərbaycandakı seçki prosesini müşahidə etməkdən imtina etməsi onların öz prinsiplərinə ziddir: “Yəni ATƏT/DTİHB-in bu seçkilərdə dolğun məlumat əldə etmək imkanı olmayacaq. Ona görə də ATƏT-in Azərbaycandakı seçkilərin yekunları ilə bağlı verəcəyi qiymət tam obyektivliyi əhatə etməyəcək. Çünki hazırlanacaq hesabat kimlərinsə fikirlərinə əsaslanacaq.”
Ekspert əlavə edib ki, Qərbin Azərbaycana bu qərəzli siyasəti istər-istəməz xarici siyasət vektorunda dəyişikliyə səbəb olub: “Ona görə də Azərbaycan xarici siyasətində Rusiya, Türkiyə və İranla əlaqələrə üstünlük verəcək.”