BAKI, 27 okt — Sputnik. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda seminarları yekunlaşdırdıqdan sonra Bakıda treninqlərə start verib.
Assosiasiyadan Seçki-2015.az saytına bildirilib ki, 26 oktyabr 2015-ci il tarixdən başlayaraq Bakının 12 rayonu, Sumqayıt şəhəri və Abşeron rayonlarının müşahidəçiləri üçün seminarlar başlayıb.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seminarlarda məruzə ilə çıxış edərək assosiasiyanın seçkilərlə bağlı gördüyü işlər, seckiqabağı ictimai-siyasi vəziyyət, bəzi beynəlxalq qurumların seçkilərlə bağlı qeyri-konstruktiv mövqeləri haqqında məlumat verib. Daha sonra o, müşahidəçilərin hüquq və vəzifələri, onların seçki günü fəaliyyətləri, yerli müşahidənin təşkilinin seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əhəmiyyəti və digər məsələləri tədbir iştirakçılarına izah edib. Seminarların sonunda iştirakçıların suallarına ətraflı cavablar verilib.
Seminarlarda AVCİYA Seçki Qərargahının koordinatorları Cavid Camalov, Vasif Rəcəbov, Nisə Rəhimova, Aytac Musayeva və Aygün Heydərova iştirak ediblər.