BAKI, 27 okt — Sputnik. Xəzər dənizin səviyyəsinin qalxması prosesi hələ 2030-cu ilədək dava edəcək və dənizin səviyyəsi bu müddət ərzində 4 metrədək qalxacaq. Bunu Sputnik-ə açıqlamasında ekoloq Telman Zeynalov deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin qalxmasının bir necə əsas səbəbi var: “Bunlardan birincisi ora axan çay suları, ikincisi Qafqaz və Talış dağları ilə bağlıdır. Bu dağlar cavan dağlar olduğundan onların qalxma prosesi davam edir və bu da dənizin qalxmasına səbəb olur. Üçüncü əsas səbəb isə Xəzərin Sakit okeanla hansısa formada olan əlaqəsidir. Xəzərin qalxması və enməsi Sakit okeanda baş verən proseslərlə bağlıdır. Odur ki, Xəzərin səviyyəsinin qalxması hələ 2030-cu ilədək davam edəcək.”
Zeynalov bildirib ki, indiyədək Xəzərin səviyyəsi 2,5 metr qalxıb və bundan sonra da 1,5 metrədək qalxacaq.
“Məhz bu qalxmanın nəticəsidir ki, 1970-80-ci illərdə tikilən obyektlər su altında qaldı və çimərliklərin çox hissəsinı su basdı. İndi demək olar ki, 20-25 il əvvəlki kimi Xəzər sahilində olan çimərliklərlə rastlaşa bilməzsən. O çimərlikləri sahilə qum tökməklə genişləndiriblər. Suyun səviyyəsinin qalxması indiki çimərliklərin suyun altında qalması ilə nəticələnəcək. Ona görə də dənizə yaxın məsafədə obyekt tikintisi olmasa daha yaxşı olar. Suyun qalxması nəticəsində bu obyektlərə ziyan dəyəcək”, — deyə ekoloq əlavə edib.
Ekoloq bildirib ki, suyun qalxmasında Bakı şəhəri ziyan çəkməsə də ölkənin şimal və cənub bölgəsini, eyni zamanda Abşeron yarımadasının müəyyən ərazilərini su basacaq: “Dəniz suyunun qalxması isə eyni zamanda qrunt sularının qalxmasına səbəb olacaq.”