Bəşər Əsədin Suriyada qaldığı təqdirdə Suriyanın gələcəyinin olmadığını Avropada təkrarlamaqdan yorulmurlar. Bütün Suriya problemlərinin səbəbinin məhz o olduğu haqda bəyanatlar daim səslənir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun şərqşünası Yuri Zininin fikrincə, bütün nailiyyət və uğurlarına baxmayaraq Əsədə qarşı bu münasibət əvvəllər də nümayiş olunurdu:
“Əgər artıq 4 il yarım davam edən Suriya hadisələrinə nəzər salsaq görərik ki, müxalifət və rejimin düşmənləri daim çökmənin baş verəcəyini proqnozlaşdırırdılar. Lakin o, hələ də baş verməyib, Suriya dayanır. Mənə elə gəlir ki, Suriya rejimi nə qədər güclü olsa, bir o qədər də ölkədə sabitlik olacaq. Bəs nə vaxt? Bu, Suriya ordusunun fəaliyyətinin nəticəsi və ölkəmizin hava dəstəyindən asılı olacaq. Əsas məqsəd nədir? Əsas məqsəd — əvvəl İslamçı terror təşkilatlarına mümkün qədər güclü zərbələr endirmək, sonra isə siyasi tənzimləmə haqda danışmaq”.
Rusiyanın Suriyada yalnız Əsədə hakimiyyəti saxlamağa kömək etmək üçün olduğunu demək bir ənənəyə çevrilib. Rusiyanın öz müttəfiqləri ilə birlikdə tam miqyaslı anti-terror əməliyyatlar keçirdiyi faktını Qərbdə qəbul etmək istəmirlər. Çünki o zaman Rusiyanın hərbi deyil, yalnız siyasi məqsədlərinin olduğu haqda danışmalı olacaqlar. Şərqşünas Səid Qafurov qeyd edir ki, sözügüdən bu məqsədlər bütün regiona toxunur:
“Hesab edirəm ki, bu vəziyyətdə bizim hərbi-hava qüvvələrinin Suriyada istifadəsi sırf hərbi deyil, həlledici siyasi andır. Serqey Lavrovun Putinin Yaxın Şərq təşəbbüsü adlandırdığı məsələ daha da genişdir. O, Suriya probleminin həllinə və Yaxın Şərq xəritəsində dəyişikliklərə aiddir.
Bu yaxınlarda Moskvada Suriya hakimiyyəti və müxalifəti arasında görüş keçirilib. Dəməşqdə əvvəlcədən deyilirdi, Rusiyada isə təstiq olunurdu ki, Suriya böhranının hərbi həlli yoxdur, bütün hərbi əməliyyatlar sülh yolu ilə həll üçün şəraiti təmin etmək üçün keçirilir. Moskvada hakimiyyət və müxalifət, az və ya çox uğurla, Cenevrədə beynəlxalq konfransın üçüncü raundunun başlaması haqda razılaşdılar. BMT-nin baş katibi Pan Qi Mun konfransın keçirilməsi üçün, noyabrın 15-dək işlərini bitirməli olan dörd qrupun yaradılmasına aid təlimat verib. Və bu, mənim fikrimcə, daha vacibdir.
Suriyadakı hərbi hava əməliyyatlarımız bu hazırlığın mühüm elementidir. Buna görə də, mənim fikrimcə, siyasi aspekt hərbi aspektdən daha əhəmiyyətlidir”.
Bu siyasi aspekt birbaşa Suriyanın gələcək inkişafına aiddir və bu haqda indidən düşünmək lazımdır. Yer üzündə müharibə əbədi deyil, buna görə də hərbi əməliyyatlardan sonra nələrin baş verəcəyini indidən anlamaq lazımdır. Yuri Zinin deyir:
“Müəyyən fasilə, Suriya əhalisinin əksəriyyəti üçün təhlükəsizlik yarananda seçki prosesi və ya digər tədbirlər haqda danışmağa başlamaq olar. Hər bir Suriyalı müxalifətin qisasından qorxmadan səs verə bilsin deyə. Söhbət belə bir vəziyyətə nail olmaqdan gedir”.
Səid Qafurovun fikrincə, bu gün, belə bir nəticənin nə vaxta qədər əldə olunması haqda da danışmaq olar:
“Mart ayına Suriyada parlament seçkiləri planlaşdırılır və bu seçkilər üçün şərait yaratmaq arzu olunandır. Biz marta qədər Suriya qoşunlarına öz torpaqlarını azad etməyə kömək etməliyik ki, seçki prosesini təşkil etmək olsun”.
Lakin bu iş daha çətin olacaq, çünki regionun bütün xüsusiyyətləri, onun tarixi, real siyasi qüvvələri nəzərə alınmalıdır. Kobud fikir yeritməsinin yeni fəlakətlərə gətirib çıxardığını dünya artıq dəfələrlə görüb. Suriya ilə bağlı vəziyyətdə isə siyasətçilərin zərgər dəqiqliyi ilə hərəkət etmələri üçün daha bir şans yaranıb.
“Sputnik” (Rusiya)