BAKI, 26 okt — Sputnik. Bir qədər əvvəl 16 saylı Yasamal II Seçki Dairəsindən qeydə alınmış üç namizəd- Fəxrəddin Babayev, Taleh Şahsuvarov, Mütəllim Rəhimov bir araya gələrək həmin dairədəki digər namizəd — Aytən Mustafayevanın namizədliyinin ləğv olunması üçün birgə ərizə imzalayıblar. Həmçinin onlar bu ərizənin diqqətdə saxlanılmasını birgə müraciət imzalayaraq Azərbaycan Prezidenti İlham Əliyevdən xahiş ediblər. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir.
Prezident İlham Əliyevə ünvanlanan birgə müraciətin mətni:
Azərbaycan Respublikasının Prezidenti, “Yeni Azərbaycan” Partiyasının sədri, cənab İlham Əliyevə
16 saylı Yasamal II Seçki Dairəsində deputatlığa qeydə alınmış namizədlər tərəfindən
M Ü R A C İ Ə T
Möhtərəm cənab Prezident!
Siz 2003-cü ildə ilk dəfə dövlət başçısı postuna seçilərkən hər bir azərbaycanlının prezidenti olacağınızı bəyan etdiniz. O zamandan bəri göstərmiş olduğunuz uğurlu fəaliyyətiniz və vətəndaşlarımızın maraqlarının müdafiəsinə yönəlmiş ardıcıl siyasətinizlə vədinizi gerçəkləşdirdiniz. Bu gün hər bir azərbaycanlının Prezidenti olaraq vətəndaş-dövlət münasibətlərinin inkişafında müstəsna xidmətlər göstərir, əvəzsiz rol oynayırsınız.
Azərbaycanda siyasi sabitliyin mövcud olması və vətəndaş cəmiyyətinin inkişafı tendensiyaları bizim hər birimizin ayrı-ayrılıqda 1 noyabr 2015-ci ilə təyin olunmuş parlament seçkilərində iştirak etmək qərarına gəlməyimiz üçün əsas olub. 16 saylı Yasamal II Seçki Dairəsində deputatlığa qeydə alınmış namizədlər olaraq bu günə qədər Mərkəzi və Dairə Seçki Komissiyalarının bizə münasibətindən heç bir narazılığımız yoxdur. Dövlət qurumları, ayrı-ayrı vəzifəli şəxslər, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən seçki kampaniyasının gedişinə təsir göstərilməsi ilə bağlı hər hansı ciddi fakt qeydə alınmayıb. Bütün bunlar 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərinin 16 saylı Yasamal II Seçki Dairəsinin timsalında Azərbaycanda siyasi ənənələrin inkişafına təkan olması, o cümlədən ölkəmizə təzyiq göstərmək istəyən müxtəlif beynəlxalq qurumlara demokratiya dərsi verilməsi üçün əla zəmindir.
Ancaq çox təəssüflər olsun ki, 16 saylı Yasamal II Seçki Dairəsindən Milli Məclisə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, bitərəf, daha öncə 21 saylı Nəsimi Seçki Dairəsindən deputat seçilmiş Aytən Mustafayeva bu perspektivi əngəlləməyə cəhd göstərir. Aytən Mustafayeva gah Azərbaycan hakimiyyətində təmsil olunan yüksək ranqlı məmurların, gah da ölkəmizin ziyalı elitasının çox nüfuzlu nümayəndələrinin adını çəkərək seçiciləri “kimə səs verilməsindən asılı olmayaraq qutudan çıxacağına” inandırmağa çalışır, bununla vətəndaşların namizədlər arasında sərbəst seçim etməsinə qarşı psixoloji basqı gerçəkləşdirir, səsvermə günü Yeni Azərbaycan Partiyasının üzvlərinin, yerli məmurların və bələdiyyə orqanlarının “yuxarıların tapşırığı” ilə onun lehinə çalışacağını bəyan edir. Aytən Mustafayevanın yaydığı bu cür informasiyaların nəticəsidir ki, onun adı “artıq təyin edilmiş deputat” kimi çəkilir.
Bundan savayı Aytən Mustafayeva Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda tabelyində çalışan bəzi şəxsləri özünə vəkil təyin edərək, dövlət büdcəsindən məvacib almalarına baxmayaraq iş günündə və iş saatlarında öz təşviqatına cəlb edir. Bu nüans vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halı yaradaraq Seçki Məcəlləsinin 69.4, habelə 55.2-ci maddəsinin kobud surətdə pozulmasıdır. Yaranmış hal Seçki Məcəlləsinin 71.1.1 bəndində əks olunan qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək şərtini də pozur. Eyni zamanda, onun özü tərəfindən sosial şəbəkədə yayılan şəkillərdə Aytən Mustafayevanın orta məktəblərə gedərək şagirdlər- səsvermə hüququ olmayan yeniyetmələr arasında təşviqat apardığı məlum olur. Bu, AMEA İnsan hüquqları institutuna rəhbərlik edən bir şəxsin qanunlardan və insan hüquqlarından xəbərsizliyinin ən bariz nümunəsidir.
Ən acınacaqlısı isə budur ki, Aytən Mustafayevanın direktoru olduğu AMEA İnsan Hüquqları İnstitutunun rəsmi saytında göstərilən (http://www.ihr-az.org/index.php?lang=2&ind=fb) ünvan, telefon və faks nömrələri, elektron poçt adresi Azad Şirniyyat İstehsalat Birliyi adlı biznes qurumunun saytındakı rekvizitlərlə eyniyyət təşkil etməsinə, bunun isə onun deputat statusuna uyğun olmayan fəaliyyətlə məşğul olmasına, o cümlədən Dairə Seçki Komissiyasına verdiyi maliyyə hesabatlarının doğruluğuna şübhə yaratmasına baxmayaraq, o, bu məsələ ilə bağlı cəmiyyət önündə susur, Dairə Seçki Komissiyasına isə inandırıcı olmayan məlumatlar verir.
Möhtərəm cənab Prezident!
Bütün bunları nəzərə alaraq biz — 16 saylı Yasamal ikinci Seçki Dairəsində deputatlığa qeydə alınmış namizədlər olaraq Aytən Mustafayevanın seçki kampaniyasından kənarlaşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına birgə müraciət edirik. Elə bu səbəbdən də Sizə üz tutaraq Dövlət Başçısı, hər bir azərbaycanlının Prezidenti kimi bu məsələni diqqətdə saxlamanızı rica edirik. Siz, eyni zamanda, Yeni Azərbaycan Partiyasının sədrisiniz. Sizin bu məsələnin ədalətli şəkildə araşdırılması, Aytən Mustafayevanın namizədliyinin ləğv olunması istiqamətində prinsipiallıq göstərilməsi üçün YAP nümayəndəsi olan müvafiq komissiya üzvlərinə verəcəyiniz göstəriş 1 noyabr 2015-ci ildə 40 minə yaxın seçicinin azad, ədalətli və şəffaf seçim etməsinə təminat yaradacaq.
Möhtərəm cənab Prezident!
Xalqımızın milli xüsusiyyətlərini nəzərə alaraq biz bu müraciəti yazmaq istəməzdik. Ancaq ona görə buna məcbur olduq ki, 1 noyabr 2015-ci ildə cəmiyyətdə və seçicilər arasında heç bir nüfuzu olmayan (keçirilən bütün rəy sorğuları bunu aydın göstərir) bir şəxsin qalib elan olunması Azərbaycana qarşı fəaliyyət göstərən beynəlxalq təşkilatlarin əlində əsas olacaq. Hər kəsə yaxşı məlumdur ki, Aytən Mustafayeva AMEA-nın İnsan Hüquqları İnstitututun direktoru, Milli Məclisin “İnsan hüquqları komitəsi”nin üzvü olmasına baxmayaraq, beynəlxalq təşkilatların ölkəmizə qarşı bu yöndə ünvanladığı tənqidlərin qarşısına ya çıxmayıb, ya da yaddaqalan mövqe sərgiləyə bilməyib. Bu da danılmaz həqiqətdir ki, Aytən Mustafayeva bir elm adamı kimi də milli maraqlarımızın qorunmasında fəal iştirak edə bilmir. Hətta Milli Məclisdə səssizliyi ilə “lal” deputat statusunu qazanıb, deputat seçildiyi andan indiyədək öz qapısını seçicilərinin üzünə bağlayıb. Onun başçılıq etdiyi İnstitut Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, qarşısına siyasi hakimiyyət tərəfindən qoyulan vəzifələri həyata keçirə bilməyib. Ölkə üzrə mövcud olan seçki dairələrinin mütləq əksəriyyətində YAP-ın nümayəndələrinin və hakimiyyətin siyasi kursunu müdafiə edən bitərəf namizədlərin üstünlük qazanmasının qaçılmazlığının göz önündə olduğu bir şəraitdə dövlətimizin reputasiyasına kölgə salmaq istəyənlərə arqument qazandırmaq fikrindən çox-çox uzağıq. Elə buna görə də tam səmimiyyətlə bəyan edirik ki, əgər Aytən Mustafayevanın deputat seçilməsi siyasi hakimiyyət üçün doğrudan da xüsusi əhəmiyyət daşıyırsa, buna daha əlverişli şərait yaratmaq üçün öz namizədliyimizi geri götürməyə də hazırıq.
Möhtərəm cənab Prezident!
Bizim müraciətimizə vaxt və diqqət ayırdığınız üçün Sizə öz dərin təşəkkürlərimizi bildirir, 1 noyabr 2015-ci ilə təyin olunmuş parlament seçkilərinin, başda Siz olmaqla, dövlətimizə və millətimizə xeyirli-uğurlu olmasını diləyirik.
Dərin hörmətlə,
16 saylı Yasamal II Seçki Dairəsində deputatlığa qeydə alınmış namizədlər
Fəxrəddin Babayev, Taleh Şahsuvarov, Mütəllim Rəhimov