Azərbaycanda seçici siyahılarının hazırlanması praktikası nümunəvidir

Seçicilər siyahısı
Seçicilər siyahısı - Sputnik Azərbaycan
Abunə olmaq
Seçici siyahıları seçki prosesinin ən vacib faktorlarından biridir. Seçki Məcəlləsinin tələblərinə əsasən, seçkilərin keçirilib-keçirilməməsindən asılı olmayaraq, hər il Azərbaycanda seçici siyahıları dəqiqləşdirilərək yenidən tərtib olunur.

BAKI, 26 okt — Sputnik. Məlum olduğu kimi, seçici siyahıları seçki prosesinin ən vacib faktorlarından biridir. Seçki Məcəlləsinin tələblərinə əsasən, seçkilərin keçirilib-keçirilməməsindən asılı olmayaraq,  hər il Azərbaycanda seçici siyahıları dəqiqləşdirilərək yenidən tərtib olunur.

Bu proses yanvar ayından may ayınadək davam edir. İlkin mərhələdə siyahılar məntəqə seçki komissiyaları, daha sonra isə dairə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir. Mərkəzi Seçki Komissiyası son olaraq seçici siyahılarını təsdiqləyir. Bundan sonra isə bu siyahı Komissiyanın internet saytında yerləşdirilir.

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq, hər il yanvar ayından may ayınadək seçici siyahıları dəqiqləşdirilir. Seçki ilində isə bu proses davamlı, daha dəqiq desək səsvermə gününə qədər davam edir. Belə ki, seçici siyahıları tanışlıq üçün səsvermə gününə 35 gün qalmış seçki məntəqələrindən asılır. Bütövlükdə, isə bu proseslə ölkəmizdə mövcud 125 dairə seçki komissiyası müntəzəm məşğul olur. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, qurum bu məsələyə daim diqqət yetirir. Onun sözlərinə görə, Azərbaycanda seçici siyahılarının hazırlanması praktikası digər ölkələr üçün də nümunə ola bilər. Burada əsas məqsəd Azərbaycan seçicisinin hər birinin adının seçicilər siyahısına daxil edilməsinə nail olmaqdır.

MSK Katibliyinin rəhbəri Rövzət Qasımov isə bu yaxınlarda müsahibəsində bildirib ki, istənilən şəxs öz adının siyahıda olub-olmamasını yoxlaya bilər.  O deyib: “Hətta səsvermə günü belə seçici məntəqə komissiyasına müraciət etməklə problemi həll etmək hüququna malikdir. MSK müxtəlif vasitələrdən istifadə etməklə seçiciləri öz adlarını, məlumatlarını seçici siyahılarında dəqiqləşdirməyə dəvət edir, bununla bağlı müəyyən işlər aparılır. Seçicilər müxtəlif vasitələrlə öz məlumatlarını yoxlaya bilərlər. Bunun digər yolu da MSK-nın internet səhifəsinə müraciət etməkdir. Hələ 2005-ci ildən bütün seçicilərin məlumatlarının göstərildiyi siyahılar bizim internet səhifəsindədir və oradan istənilən məlumatı dəqiqləşdirmək mümkündür. Seçici özünün və yaxud da tanıdığı digər bir seçicinin məlumatları ilə bağlı hər hansı bir nöqsan, çatışmazlıq aşkarladıqda bunu online ərizə forması vasitəsilə MSK-ya bildirə bilər”.

Bütün bunlardan əlavə, hər bir seçici hansısa problemlə üzləşərsə, MSK-nın “qaynar xətti” vasitəsilə onu həll edə bilər. Bununla yanaşı Komissiya mütəmadi olaraq kütləvi informasiya vasitəsilə maarifləndirmə işləri aparır, seçiciləri səsvermə prosesində iştirakı üçün çağırışlar edir. 

Əlbəttə, MSK tərəfindən atılan bu addımlar bütün seçici siyahılarının dəqiqləşdirilməsi işinin daha da təkmilləşdirilməsinə xidmət edir. Burada əsas məqsəd ondan ibarətdir ki, hər bir seçib-seçilmək hüququ olan Azərbaycan vətəndaşları 1 noyabr seçkilərində öz iradələrini azad şəkildə ifadə etsinlər. Son illər keçirilən seçkilərdə seçici fəallığının artması da görülən bu işlərin nəticəsi sayıla bilər.

Secki-2015.az

Xəbər lenti
0