BAKI, 26 okt — Sputnik. Oktyabrın 25-də Azərbaycanın müxtəlif media qurumlarının 40-dək nümayəndəsinin füsunkar bölgələrdən biri olan Qubada istirahəti təşkil edilib.
Sputnik xəbər verir ki, KİV nümayəndələrinin bu istirahəti Today`s Baku informasiya portalının direktoru Vuqar Ağamalıoğlu tərəfindən təşkil olunub. Today`s Baku-nun media nümayəndələrinin bu istirahət ideyasının reallaşmasına Anadolu Universitetinin “Azərbaycan proqramları” qurumu və Azərbaycan-Türkiyə İş Adamları Birliyi dəstək verib.
İdeyanın əsas məqsədi gərgin iş rejimində çalışan, eyni zamanda istirahət imkanı məhdud olan Azərbaycan KİV nümayəndələrinin azacıq da olsa istirahətini təşkil etməyə və onların iş gərginliyini aradan qaldırmağa xidmət edir.
İdeya müəllifi Today`s Baku-nun direktoru Vüqar Ağamalıoğlu layihə barəsində məlumat verərək bildirib ki, artıq bu tədbirlər bir ənənə halını almaqdadır və bu ideya bundan sonra davam etdiriləcək: “Bu ideyanın reallaşması nəticəsində artıq son altı ayda bir neçə dəfə Azərbaycan KİV nümayəndələrinin respublikanın müxtəlif bölgələrində gəzməli-görməli yerlərində istirahətini təşkil edə bilmişik. Bu günkü səfər Quba rayonunun Qəçrəş turizm bölgəsində reallaşdırırıq".
Onun sözlərinə görə, istirahət çərçivəsində jurnalistlər üçün bir sıra mədəni proqramlar nəzərdə tutulub. Belə ki, proqrama idman və təbiətin qoynunda gəzinti xarakterli tədbirlər daxildir.
O eyni zamanda bildirdi ki, ölkə başçısının KİV-ə böyük diqqəti var: “Məhz bunun nəticəsidir ki, imkanı olmayan evsiz jurnalistlər evlə təmin olunur, səhhətində problemi olanlar dövlət hesabına müalicə alır. Ancaq hər şeyi dövlətin üzərinə qoymaq və ondan gözləmək də düzgün yanaşma deyil. Gərək vətəndaş cəmiyyəti, elə biz özümüz də kreativ təşəbbüslərlə çıxış edək. Elə bu layihənin reallaşması da bundan irəli gəlir. Bir daha təkrar edirəm ki, bu bir günlük bir layihə olsa da, heç olmasa KİV nümayəndəsi istirahət günün də azacıq da olsa şəhər mühitindən kənar təbiətin qoynunda dincəlməklə öz yorğunluğunu çıxara bilir. Məqsədimiz budur. Bizə bu layihənin reallaşmasında dəstək olan bütün qurumalra öz təşəkkürümüzü bildiririk.”
Tədbirin reallaşmasına dəstək verən Anadolu Universitetinin nümayəndəsi Azər Hətəmov da layihənin əhəmiyyətindən danışıb: "Bizə belə bir layihənin olması və birgə reallaşdırılması barədə məlumat verəndə səmimi qəlbdən razı olduq. Bu, KİV nümayəndələrinə qarşı insani münasibətlə yanaşı vətəndaş mövqeyinin nümunəsi olduğundan həvəslə layihənin reallaşmasında iştirak etdik. Biz bundan sonra da bu tip layihələrin reallaşmasında, xüsusən də KİV-lə bağlı proqramların reallaşmasında yaxından iştirak etməyə hazırıq”, — deyə Hətəmov qeyd etdi.
Ağamalıoğlu sonda onu da əlavə etdi ki, KİV nümayəndələrinin xarici ölkələrdə istirahətini təşkil etmək planı da var: “Biz gələcəkdə azərbaycanlı jurnalistlərin Türkiyə, ABŞ və digər ölkələrə də istirahətini planlayırıq və fəaliyyətimizi bu istiqamətdə qurmuşuq.”
Bir günlük səfərləri çərçivəsində jurnalistlər qruplara bölünərək futbol, voleybol yarışları təşkil ediblər. Həmçinin qızıl payızda təbiət qoynunda gəzintiyə üstünlük verənlər olub.