BAKI, 25 okt — Sputnik. Suriya prezidenti Bəşər Əsədin Moskva səfərindən sonra Suriya probleminin həllində yeni bir mərhələ yaranıb. Qərb, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər Bəşər Əsədin Moskva səfərini münaqişənin həllinə xidmət etməyən addım kimi dəyərləndiriblər və Kremli bu məsələdə qınayıblar. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan RF prezidenti Vladimir Putinlə ilə bu məsələni telefonda müzakirə edib.
Əsədin Moskva səfərindən sonra Suriya problemi ətrafında diplomatik gəlişmə yeni bir aktivləşmə fazasına keçib.
Bəşər Əsədin Moskvaya səfəri, onun nəticələri və yeni yaranmış durumla bağlı politoloqlara müraciət etdik.
Millət vəkili, politoloq Rasim Musabəyov Sputnik-ə açıqlamasında bildirib ki, Rusiya Əsəd rejimini qoruya bilib.
“Amma bununla belə Kreml anlayır ki, Suriya bir bataqlıqdır və bu bataqlıqdan siyasi proseslər olmadan çıxmaq mümkün deyil. Anlayır ki, burada uzun müddət qalmaq yaxşı heç nə vəd etmir. Yəni ABŞ və Avropa ilə yanaşı Türkiyəni, Səudiyyə Ərəbistanını, Qətəri, İordaniyanı özünə qarşı qoymaq elə də asan məsələ deyil. Ona görə də, indi Kreml əldə etdiyi uğurlardan istifadə edərək hansısa siyasi prosesin başlanmasını istəyir”, — deyə Musabəyov əlavə edib.
Poliroloq eyni zamanda Bəşər Əsədin Suriya münaqişənin siyasi həllində keçid dövründə iştirakını istisna etməyib: “Bəşər Əsəddən siyasi keçid dövründə proseslərin həllində istifadə edilməsini heç bir qüvvə istisna etmir. Qərb, ABŞ, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı isə sadəcə keçid dövründə Əsəddən istifadə olunmasında razıdır. Onun hakimiyyətdə qalması isə qeyri-mümkündür və bunu qəbul etmirlər.”
Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, Rusiya Suriya müxalifətinin hədəflərinə güclü zərbələr endirdikdən sonra vəziyyət xeyli dərəcədə Bəşər Əsədin xeyrinə dəyişib və bu vəziyyət ona vətəndaş müharibəsindən sonra ilk xarici ölkəyə səfər etməsinə şərait yaradıb: “O da ilk xarici səfərini Rusiyaya etdi. Rusiyada apardığı danışıqlar barəsində dəqiq nəsə demək çətin olsa da, sadəcə anlamaq olar ki, danışıqlarda birincisi,- hərbi sahədəki əməkdaşlığın daha da möhkəmləndirilməsi, Əsədin müasir silahlarla təmin edilməsi, ikincisi, — İran, Suriya, Rusiya və Hizbullah arasında əməkdaşlığın gücləndirilməsi, üçüncüsü, —siyasi bir həllin hazırlanması müzakirə olunub. Hansı ki, bu siyasi prosesdə Rusiya Əsədlə yanaşı bir neçə mötədil müxalifətin nümayəndələrinin təmsil olunmasını nəzərdə tutur. Dördüncüsü maliyyə yardımı məsləsi müzakirə edilib. Rusiya Moskvada keçirilən görüşdən sonra əlində danışıqlar aparmaq üçün kozır əldə edəcək və bundan yararlanacaq.”
Əlizadə onu əlavə edib ki, bu səfərdən sonra Rusiya aviasiyasının Suriya ordusu ilə sıx əməkdaşlığı daha da güclənəcək.