CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə avtomobillərin təmiri ilə bağlı yeni qaydalar müəyyən etdi

Avtomobillərin təmiri
Avtomobillərin təmiri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən SSAZ 005-2015 “Avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri“ sahə standartı təsdiq edilib.

BAKI, 23 okt — Sputnik. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən SSAZ 005-2015 “Avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri“ sahə standartı təsdiq edilib. Standart Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyat vasitələri və onların hissələri ilə əlaqədar texniki xidmətə (texniki qulluğu və təmiri) dair ümumi tələbləri və texniki xidmət qaydalarını müəyyən edir.

Bu barədə məlumat Sputnik-ə Komitənin mətbuat xidmətindən  verilib. Məlumatda deyilir ki, standarta əsasən, nəqliyyat vasitələrinə xidmət zamanı əməyin mühafizəsi sahəsindəki qanunvericilik tələblərinə əməl olunmalıdır. Xidmət göstərilən zaman “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanununun tələblərinə uyğun olaraq, tipi təsdiq olunmuş və kalibrləmədən keçmiş ölçmə vasitələrindən istifadə olunmalıdır. Nəqliyyat vasitələrinə texniki xidməti həyata keçirən personal müvafiq sahədə ixtisaslaşmaya malik olmalı və bu təhsil haqqında sənədlərlə təsdiqlənməlidir. Həmçinin xidmət zamanı istifadə olunan komponentlər və texniki mayelər, aidiyyəti texniki normativ hüquqi aktların və  nəqliyyat vasitələri istehsalçısının texniki sənədlərinin tələblərinə uyğun olmalıdır. Avtoservisdə müəyyən edilmiş qaydada tikilmiş, möhürlənmiş və istehlakçının tələbi ilə ona təqdim edilən rəy və təkliflər kitabı olmalıdır. 

Standarta əsasən nəqliyyat vasitəsi avtoservisdə qalmaqla təmirə verildikdə avtoservis tərəfindən müqavilə ilə yanaşı, təhvil-təslim aktı tərtib edilməlidir. Nəqliyyat vasitəsi istehlakçıya və ya onun nümayəndəsinə göstərilən texniki xidmətin haqqı tam ödənildikdən sonra təhvil-təslim aktının  və müqavilənin surəti, istehlakçının şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdə, istehlakçının nümayəndəsinə isə etibarnamə təqdim edildikdə verilməlidir.

Sifarişçinin yanında aparılan şinlərin quraşdırılması və şinlərin təmiri, təmizləmə-yuma,  pardaqlama, sürtkü-yanacaq doldurma, tənzimləmə, diaqnostika, həmçinin yolda texniki yardım kimi avtoservis xidmətləri sifarişçinin şifahi sorğusu üzrə müqavilə bağlanmadan qulluq göstərilməsini təsdiqləyən sənədi verməklə və hesab-kassa xidməti üzrə qanunvericilik tələblərinə əməl olunması şərti daxilində həyata keçirilə bilər. Yolda göstərilən texniki yardım zamanı sifarişçi və avtoservis qanunvericiliklə təyin olunmuş qaydada yol hərəkəti təhlükəsizliyinin təminatı üzrə tədbirlər görməlidir. 

Standarta əsasən avtoservislər 3 kateqoriyaya bölünür: 

Nəqliyyat vasitələri istehsalçısının servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair tələblərini yerinə yetirən, təyin olunmuş qaydada istehsalçı və ya onun nümayəndəsi tərəfindən nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair səlahiyyətləri və onların sahibləri tərəfindən əmtəə nişanından istifadə hüququnu alan A kateqoriyalı avtoservis təşkilatları;

В kateqoriyalı avtoservis təşkilatları – nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair nəqliyyat vasitələri istehsalçısının nümayəndəsi tərəfindən (həmçinin A — kateqoriyalı avtoservis təşkilatları tərəfindən) verilən səlahiyyətlərə malik olan və onların nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair tələblərini yerinə yetirən avtoservis təşkilatlarıdır. Bu kateqoriyadan olan avtoservis təşkilatlarına nəqliyyat vasitələri komponentlərinin istehsalçılarının nümayəndələri olan avtoservis təşkilatları da daxildir;

С kateqoriyalı avtoservis təşkilatları — servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair nəqliyyat vasitələri istehsalçısının tələblərini mütləq yerinə yetirməsi tələb olunmayan avtoservis təşkilatlarıdır.

Xəbər lenti
0