BAKI, 21 okt — Sputnik. Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfərinin əsas məqsədi Kremlin ona sonadək hərbi əməliyyatlarda dəstək verməsi ilə əlaqədardır. Bunu Sputnik-ə açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Rusiya son günlərdə Suriyada hərbi-hava hücum əməliyyatı həyata keçirməsi nəticəsində Bəşər Əsədə qarşı döyüşən müxalif qüvvələrin əksər hərbi-texniki infrastrukturu və hədəfləri məhv etməklə Əsəd qüvvələrinə uğurlu əks-hücum əməliyyatlarını reallaşdırmaq üçün münbit şərait yaradıb.
“Amma bununla belə Rusiya tərəfi artıq bu hava hücum əməliyyatlarını dayandırmağın vaxtı və şərtləri barədə düşünür və fikirlərini açıqlayıb. Rusiyanın Suriyada hücum əməliyyatını dayandırması niyyəti Əsədi Moskvaya səfər etməyə vadar edən əsas amildir. Çünki Əsəd Rusiyanın tez bir zamanda hava zərbələrini dayandırmasında maraqlı deyil. O Suriyada mütləq dəyişikliyə nail olmayanadək rusların hava hücumunu davam etdirməsində maraqlıdır. Bu səbəbdən də Əsəd Moskvaya səfər edərək bu məsələləri Kreml rəhbərliyi ilə müzakirə edib dəstək almaq istəyir”, — deyə politoloq vurğuladı.
Politoloq onu da əlavə etdi ki, Rusiya Suriyada hərbi əməliyyatları uzatmaqda maraqlı deyil. “Çünki bu çox bahalı hərbi əməliyyatdır və prosesin uzanması Rusiyanın iqtisadiyyatına ciddi zərbə vura bilər. Moskvanın qısa müddətli hərbi əməliyyat həyata keçirməkdə məqsədi Əsəd qüvvələrinə revanş götürərək əks-hücum həyata keçirməkdə yardım etmək idi və demək olar ki, buna da nail oldu. Ancaq Əsəd belə düşünmür. Rusiyanın havadan hücum dəstəyi dayanarsa, vəziyyət əks istiqamətdə də dəyişə bilər. Bu mümkündür. Ona görə ki, ABŞ və onun müttəfiqləri Azad Suriya ordusuna yardım planı hazırlayır. Əgər bu plan yaxın vaxtlarda reallaşarsa, o zaman müxalifət yenidən qısa zamanda mobilizasiya olub, əks-hücumlara keçərək vəziyyəti öz xeyrinə dəyişə bilər”, — deyə Vəlizadə qeyd etdi.
İranın Əsəd qüvvələrinə real hərbi dəstəyinə gəldikdə isə Vəlizadə bildirdi ki, İran öz hərbi təlimatçıalrının sayını Əsəd qüvvələri sırasında artırsa da, canlı qüvvə baxımından ona dəstək verməkdən ehtiyatlanır: “Nə İran öz hərbi qüvvəsinin Əsəd tərəfində döyüşür, nə də ki, “Hizbullah” fəal formada Əsəd qüvvələrinə dəstək vermir. Onların Əsədin mütləq qələbəsinə inanmadan döyüşlərdə aktiv iştirak edəcəyinə inanmıram. Əgər vəziyyət Əsədin xeyrinə dəyişərsə, o zaman onların aktiv iştirakının şahidi ola bilərik”.
Politoloq Əsədə Rusiya və İran tərəfdən ciddi dəstək olmayacağı təqdirdə hakimiyyətdən gedəcəyini də istisna etmədi. O bildirdi ki, bu plan bu gün üçün keçərli olmasa da, gələcəkdə istisna deyil. “Odur ki, bir daha təkrar edirəm ki, Əsəd də bunları görür və Moskva görüşündə bunu şərt kimi Kreml rəhbərliyi qarşısında qaldıra bilər. Əsədin hakimiyyətdən gedişi isə nə Rusiyanın, nə də İranın maraqlarına xidmət etmir”, — deyə o əlavə etdi.