BAKI, 21 okt-Sputnik. "Siz hər zaman bizim problemlərimizə diqqətlə yanaşmısız və parlamentdə sözün həqiqi mənasında bizim səsimiz olmusuz. Sizin səyləriniz sayəsində Nəsimi rayonunda çox sayda problemlərin həllinə nail olunub. Və inanırıq ki, növbəti beş ildə də bizi hər zamankı kimi ləyaqətlə təmsil edəcəksiz. Biz yenə də sizə səs verəcəyik!"
Bu bəyanatı 22 saylı Nəsimi İkinci seçki dairəsinin seçiciləri "Bakı Tikiş Evi"nin həyətində Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə keçirilən görüşdə veriblər.
Görüş Asim Mollazadənin seçki kampaniyası çərçivəsində keçirilib.
Millət vəkili öz seçicilərinə ötən beş il ərzində parlament fəaliyyəti barədə hesabat verib.
Seçki platformasındakı prioritet məsələlərə toxunan Asim Mollazadə dövlət başçısının sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi ilə bağlı son fərmanını təqdir edib. Prezidentin sahibkarlara lisenziyaların verilməsini "ASAN xidmət"ə həvalə etməsini, sahibkarların iki il ərzində yoxlamalardan azad ediləcəyini bu sahənin inkişafı üçün ciddi töhfə kimi qiymətləndirib.
Seçicilər Asim Mollazadəyə deputat seçiləcəyi təqdirdə Milli Məclisdə son dövrlərdə şəhər nəqliyyatında yaranmış problemlər, qadınların pensiya yaşının aşağı salınması, işsizliklə mübarizə, vətəndaşların tibbi sığortası ilə bağlı məsələləri qaldırmağı tövsiyə ediblər.
Nəsimi seçiciləri onların problemlərinə hər zaman diqqətlə yanaşdığına, rayondakı bir sıra problemlərin həlli, ölkədə qadın və gənclərin inkişafı, təhsildə irəliləyişlərin əldə olunması istiqamətində gördüyü işlərə görə Asim Mollazadəyə təşəkkür ediblər.