Eyni zamanda Prezidentin fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.
Bununla bağlı suallarımızı iqtisadçı ekspert Pərviz Heydərov cavablandırıb.
-Bu qanun layihəsi vergi qoyma sahəsinə, vergilərin ümumi həcminin artmasına necə təsir edəcək?
— Biz bir az dərindən təhlil aparsaq görərik ki hətta ötən illər ərzində bu istiqamətdə müəyyən addımlarda atılmış, tapşırıqlar da verilmiş və müvafiq sənədlərdə imzalanmışdı. Ancaq yenidən eyni narahatçılıqla dövlət başçısının hökümətin sonuncu iclasında bir daha bu məsələyə toxunması göstərir ki, bu problemi həll etmək mümkün deyil. Məsələnin kökü əslində daha dərindi, yəni inzibati yolla müvafiq qadağan qoyulmasa bu problemi həll etmək mümkün deyil. Çünki, ölkədə bəzi sahibkarların özləri də müvafiq instansiyalarla dırnaq arası birgə fəaliyyətdə maraqlı görünürlər. Digər böyük qrup sahibkarlar isə məhz bunun güdazına gedirlər. Ona görə də prezident tərəfindən bu məsələyə sonuncu iclasda toxunulduqdan sonra artıq bu dəfə müvafiq qanunvericilik səviyyəsində təşəbbüs irəli sürüləcəyi gözlənilən idi. İndiyədək mövcud proses göstərmişdi ki, məsələyə inzibati yolla müdaxilə etmədən bu vəziyyəti aradan götürmək mümkün deyil. Hesab edirəm ki, bu, ölkədə sahibkarlıq fəaliyyəti üçün əlavə bir nəfəs verəcək. Bu da öz nəticəsini şübhəsiz ki, dövlət büdcəsinə vergi daxil olmalarında göstərməlidir. Əsas hədəf ondan ibarətdir ki, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar heç bir dövlət orqanı tərəfindən bu və ya digər instansiyalar tərəfindən incidilməsin. Onlar öz fəaliyyətlərini sağlam əsasda qursunlar və buna müvafiq olaraq da dövlət büdcəsinə də öz əldə etdikləri gəlirlərə uyğun olaraq da vergilərini ödəsinlər. Yəni başlıca hədəf dövlət büdcəsinə vergi daxil olmalarını artırmaqdan ibarətdir.
- Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması kiçik və orta sahibkarlığın inkişafında özünü necə göstərəcək, iki ildə konkret nəticələr əldə etmək mümkündürmü?
— Neftin qiyməti ilə bağlı gəlirlərimiz iki dəfədən çox azalmışdır. Bu isə qeyri-neft sektorunun inkişafının iki qat artıq prioritet təşkil etməsinə zəmin yaradır. Bir çoxları belə fikir irəli sürürlər ki, qeyri-neft sektorunun inkişafı məhz neftin qiyməti düşdükdən sonra diqqət mərkəzinə gəlmişdir. Amma, əslində biz dövlət başçısının çıxışlarına diqqət yetirsək o cümlədən hökümətin atdığı müvafiq addımlara diqqət yetirsək görərir ki, bizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruriliyinin hökümətin iqtisadi siyasətində prioritet təşkil etməsi hələ neftin qiyməti düşməmişdən qabaq da özünü göstərirdi. Qeyri-neft sektorunun inkişafı isə bilavasitə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən keçir. Yəni büdcə gəlirlərinin əsasını əslində məhz bu sahədən gələn gəlirlər təşkil etməlidir. Sahibkarlıq fəaliyyətinə rəsmi orqanların müdaxiləsi və qanunsuz yoxlamalar isə məhz orta və kiçik sahibkarlığın belini qırırdı. Bu istiqamətdə müvafiq inkişafın qarşısını alırdı. İri sahibkarlar pis və ya yaxşı dırnaq arası desək çullarını sudan çıxara bilirdilər. Əsas zərbə orta və kiçik sahibkarlığa dəyirdi. Orta və kiçik sahibkarlıq isə ümumiyyətlə bu qanunsuz yoxlamalara və müdaxilələrə tab gətirmirdi. Ona görə də bu müvafiq qanunvericilik təşəbbüsünün fikrimcə, ilk növbədə yaxın iki il ərzində məhz kiçik və orta sahibkarlığın inkişaf etməsi ilə nəticələnəcək və bunun üçün də əlavə stimul rolu oynayacaq. Bu da indiki şəraitdə olduqca vacibdir.
—Sizcə lisenziyaların “ASAN xidmət”tərəfindən verilməsindən sonra bu sahədə olan problemlər aradan qalxacaqmı?
— Bu sahədə həqiqətəndə ölkədə çox güclü kor-təbiilik hökm sürür. Bizdə ümümiyyətlə lisenziyalaşdırma siyasətinin mahiyyəti, məğzi, onun funksionallığı demək olar ki, əsaslı dəqiqləşdirmə tələb edir. Lisenziyaların sayı kifayət qədər çoxdur. İnkişaf etmiş ölkələrə diqqət yetirsək, lisenziyaların sayı bizdəki ilə müqayisədə on dəfələrlə azdır. O ölkələrdə lisenziya əsasən insanların sağlamlığı, təhlükə xarakteri daşıyan fəaliyyət növləri üçün verilir, amma bizdə lisenziya demək olar ki, bütün fəaliyyət növlərinə verilir. Hətta icazə xarakterli tələb olunan şərtlər üzrə də bizdə lisenziyalaşdırılma həyata keçirilir. Bütün bunları nizamlamaq, lisenziyaların sayının azaldılması mühüm şərt olmaqla yanaşı, bunun ASAN xidmətə verilməsi prezident tərəfindən irəli sürülmüş inqilabi bir təşəbbüsdür. Bunda da məqsəd vətəndaşların vaxt itkisinin, əlavə xərclərin azaldılması, etik qaydalara və nəzakətli davranışa əməl edilməsi, peşəkarlıq səviyyəsinin artırılması, eyni zamanda dövlət strukturlarına ehtimadın gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirməsi kimi prinsiplər də bu xidmətin təşkil və fəaliyyətində mühüm şərt təşkil edir. Bu mənada lisenziyaların verilməsini məhz bu xidmətə həvalə edilməsi iqtisadi nöqteyi nəzərdən olduqca müsbət və inqilabi bir təşəbbüsdür.