BAKI, 21 okt-Sputnik. "Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarında dəyişikliklər edilib.
Sputnik Nazirlər Kabinetinin mətbuat xidmətinə istindən xəbər verir ki, dəyişikliyə əsasən, Qaydanın adında və 1-ci hissəsində "Vəzifəli şəxsin və ya vətəndaşın" sözləri "Vəzifəli şəxslərin və vətəndaşların" sözləri ilə əvəz edilir və "və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi" sözləri çıxarılır.
Dəyişikliyə əsasən, 2.4.3-cü maddənin altıncı abzas aşağıdakı redaksiyada verilir: "Vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir."
2.13.1-ci maddənin birinci abzasda və "ç)" yarımbəndinin ikinci cümləsində "yoxlama tədbirlərini keçirən müvafiq orqana" sözləri "təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)" sözləri ilə, "a)" yarımbəndinin ikinci cümləsində "orqanın" sözü "təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)" sözləri ilə əvəz edilib.