BAKI, 20 okt — Sputnik. Tikinti sektorunda çalışan sahibkarların vergi mexanizmi sadələşdrilməklə yanaşı yüngülləşdiriləcək.
Sputnik xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklər məsələsi müzakirə olunub. Məcəlləyə dəyişiklik barəsində məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsində bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur ki, həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.
“Layihəyə əsasən həmin fəaliyyətlə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarını istifadə etmədikləri halda təməl işlərinə başlanılmış binaların və təqdim edilmiş tikinti sahələrindən asılı olmayaraq əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Bu halda təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisi və maliyyə nəticələrindən asılı olaraq vergi ilinin yekunlarına görə mənfəət vergisi ödənilir. Nəticədə tikintisi başa çatmamış binalar üzrə sadələşdirilmiş vergi ödənilmədiyindən maliyyə vəsaiti vergi ödəyicisinin sərəncamında qalmaqla bu sektorun inkişafına müsbət təsir göstərəcək”.
Deputat eyni zamanda bildirib ki, qanun layihəsində daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması da nəzərdə tutulub.
“Məlum olduğu kimi Vergilər Məcəlləsinin qüvvədə olan müddəsasına əsasən mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən əldə olunan gəlir vergiyə cəlb olunur. Təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikilməsinə, təmirinə çəkilən xərclər təsdiq edilən sənədlərin bir çox hallarda olmaması bui gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı. Qeyd olunanları nəzərə alaraq mülkiyyətində olan, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edən şəxslərin sadələşdirilmiş vergi ödəyicilərinə aid edilməsi bu sahələrin təqdim edilməsi, satılması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması və müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi ilə bağlı müddəalar qanun layihəsinə daxil edilib. Həmin dəyişikliklər mənzillərin və digər daşınmaz əmlakın təqdim edilməsindən gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən bəyannamələrin vergi orqanına təqdim edilməsini aradan qaldırmaqla inzibatçılığı sadələşdirir. Bununla yanaşı qanun layihəsi ilə fiziki şəxslərin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsinin ödəmə mənbəyində vergidən azad edilməsi nəzərdə tutulur. Yəni 5 il müəddətində yaşadığı evdə qeydiyyatdadırsa həmin ev satıldıqda ondan heç bir vergi tutulmayacaq”.