BAKI, 20 okt — Sputnik. Cinayət-Prosessual Məcəlləsinə istintaq materillarının jurnalistlər və KİV tərəfindən yayılması ilə bağlı müəyyən məhdudiyyətlər qoyulacaq.
Məcəlləyə eyni zamanda ekstradisiya haqqında da dəyişikliklər nəzərdə tutulur.
Sputnik xəbər verir ki, məsələ ilə bağlı artıq Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Təklifə əsasən Məcəllənin 222.2 maddəsinə aşağıdakı dəyişiklik edilməsi nəzərdə tutulur. Təklif okunan dəyişikliyə əsasən: “İbtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.”
Məcəllənin 222.3 maddəsinə edilən təklifə əsasən isə “Terrorçuluq cinayətləri, silahlı mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər üzrə davam edən ibtidai araşdırmanın məlumatlarının yayılmasına, habelə bu Məcəllənin 52-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilən və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına icazə verilmir (cinayət prosesi iştirakçılarının bu Məcəllə ilə müəyyən edilən prosessual hüquqlarının təmin edilməsi ilə bağlı olan hallar istisna olmaqla).";
222.4-cü maddəyə isə bir cümlə əlavə eidləcək: "Belə xəbərdarlıq edilməmişdirsə, yayılması cinayətin açılmasına, cinayət törətmiş şəxsin tutulmasına, ibtidai araşdırmanın normal gedişinə mane ola bilən məlumatların yayılmasına görə cinayət prosesini həyata keçirən şəxs məsuliyyət daşıyır."
Məcəllənin 222-ci maddəsinə dəyişikliklə yanaşı bir neçə müddəa da əlavə ediləcək.
Əlavə olunan 222.6 bəndinə “İctimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar ibtidai araşdırma məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən bilavasitə və ya kütləvi informasiya vasitələri ilə açıqlana bilər. Bu zaman açıqlanan məlumat cinayət hadisəsi ilə bağlı əldə edilmiş ibtidai araşdırma nəticələrindən ibarət olmalı, davam edən ibtidai araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının şəxsi həyat toxunulmazlığı hüququna zidd olmayan həddə olmalı, təqsirsizlik prezumpsiyasına uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin cinayətə aidiyyəti ilə bağlı hissədə onun cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçməməlidir.
222.7. Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir.".