BAKI, 20 okt- Sputnik. Energetika naziri bir daha enerji tariflərinin qiymətinin qalxmayacağını bəyan etdi.
Sputnik xəbər verir ki, energetika naziri Natiq Əliyev noyabr ayında gözlənilən enerji tariflərinin dəyişdiriləcəyi və qiymətlərin artırılacağı məsələsinə aydınlıq gətirərək bildirib ki, Azərbaycanda enerji tariflərinin artırılması ilə bağlı yayılan xəbərlər şayiədir.
"Enerji tariflər artırılmayacaq. Biz heç vaxt enerji tarifləri məsələsinə baxmamışıq. Heç Tarif Şurası da baxmayıb" — deyə nazir bildirib.
Nazir əlavə edib ki, kimsə bu şayiəni seçkilərdən öncə ortaya atmaqla, bundan istifadə etmək istəyir.
Bu günlərdə news-365.ru xəbər portalı energetika naziri Natiq Əliyevə istinadən 2015-ci il noyabrın 1-dən etibarən ölkədə istilik və elektrik enerjisinin qiymətlərinin 20% qalxacağı haqda məlumat yaymışdı.