BAKI, 17 okt — Sputnik. Nasist Almaniyasının tarixində açılmayan sirlər çoxdur. Bu günə qədər də bir çox tarixçini Üçüncü Reyxin qızılları maraqlandırır.
Sputnik bu barədə Cazibə-nin araşdırmasınının I hissəsini təqdim edirik:
Krım konfransının qərarına əsasən, müttəfiq ordularının bütün nümayəndələri maddi kompensasiya haqqına sahib idilər. Amma sənəddə müharibə qənimətləri ilə bağlı davranış qaydaları qanunla tənzimlənmədiyi üçün sonradan bu qənimətlərin Almaniyaya qaytarılması ilə bağlı neqativ hadisələr yaşandı. Bu problem əsasən də rəsm əsəri, heykəltəraşlıq nümunələri, qiymətli daş-qaş məsələsində özünü büruzə verdi.
İddiaya görə, müharibə başa çatdıqdan sonra Almaniyanın var-dövləti əsasən Birləşmiş Ştatlara və İngiltərəyə aparılıb. Amma unutmaq lazım deyil ki, Sovetlər İttifaqına da kifayət qədər maddi və mədəni sərvət çatıb. Çünki Hitler Almaniyası müharibə zamanı işğal etdiyi ölkələri talamışdı və xəzinəsi dolu idi. Əfsanəyə əsasən, müharibə qənimətləri bu günə qədər də Rusiya muzeylərindəki gizli fondlarda saxlanılır.
Sovet vaqonlarındakı qənimətlər
Alman qızılını yığmaq üçün SSRİ-də xüsusi qənimət briqadaları yaradılmışdı. Briqada üzvləri azad edilmiş Almaniyanı gəzib-dolanaraq, ərzaq məhsullarından tutmuş, qiymətli daş-qaşa qədər hər şeyi Sovetlər İttifaqına aparırdılar. Üçünçü Reyxin ərazisindən Qızıl Ordu tərəfindən 50 min ədəd avtomobil, 60 min musiqi aləti, 180 min xalça, 500 min radioqəbuledici, 950 min mebel dəsti, 600 vaqon çini qab, 150 vaqon xəz dəri və parça Rusiyaya aparılıb. Aparılan qızıl, platin və gümüşün dəyərinin 1.38 milyard rubl olduğu hesablanıb. 24 vaqonluq muzey sərvəti isə SSRİ-yə göndərilib.
Yuxarıda da qeyd edildiyi kimi, Hitler Almaniyasının əsas sərvəti ABŞ və İngiltərəyə daşınıb. Hələ 1943-cü ildən müttəfiq dövlətlər üçüncü reyxin xəzinələrini axtarmaq üçün xüsusi təşkilat (MFAA) qurmuşdular. Təşkilatın köməkliyi ilə bir çox gizli anbar aşkar edilib, əldə edilən qır-qızıl və digər qiymətli əşyalar əsasən ABŞ-a daşınıb. 1945-ci ilin aprelində Merkers şəhərinin Kayzerod şaxtasında 400 ədəd müxtəlif rəsm əsəri (əsərlər Berlin muzeylərinə məxsusdur), Reyxsbanka məxsus qızıl, əsir düşərgələrindən yığılmış qızıl və zinət əşyaları tapıldı.
Qızıl ev
1983-cü ilin yayında Avstriyanın Bad-Auszee şəhəri yaxınlığındakı meşədə iki turist azır. Onlar meşəlikdə kiçik bir evə rast gəlirlər. Bu evin dam örtüyü, divarı və pəncərə çərçivələri qızıldan hazırlanıbmış. Meşədə tapılan evin dəyəri 100 milyon dollardan çoxdur. Avstriya prokurorluğunun bəyanatına əsasən, 50-dən çox bu tip ev inşa edilib. 1945-ci ildə nasistlər qızılı adi tikinti materialı adı ilə ölkədən çıxarıblar!
Qızıl avtomobilin sürücüsü
Vyanalı tarix professoru Ernst Holdberqin fikrinə görə, bu, Bormanın dahi planının bir hissəsidir. Almaniyanın kapitulyasiyasına bir həftə qalmış Zalskammerqutda yerləşən zərgərlik emalatxanaları gecə-gündüz işləyirdilər. Qızıldan nəinki ev, eyni zamanda tavalar, məişət əşyaları hazırlayırdılar. SS Ştandartenfüreri Fridrix Şvend qızıldan hazırlanmış avtomobillə əvvəlcə İspaniyaya, sonra isə Peruya qaçıb. Sonralar — müharibənin sonlarına doğru Şvend Avstriyadan hər gün bir ton təmiz qızıl çıxardığını danışaraq lovğalanırdı.
Tarixçi-araşdırmacı Herhard Zauner xəritədə Zalskammerqut ətrafında yerləşən və nasistlərə aid olan gizli anbarları göstərib. Onun köməyi ilə 20 gizli anbar aşkara çıxarılıb. Bu anbarlar əsasən dağlıq ərazilərdə inşa edilib. Bununla belə, qeyd etmək lazımdır ki, anbarların yarısı aldadıcı xarakter daşıyırdı və burada karton, torpaq və pambıqla dolu konteynerlər tapıldı.
Araşdırmacı Hayns Melevski artıq 20 ildən çoxdur ki, üçüncü Reyxin qızıllarını axtarır. Onun fikrinə görə, nasistlərin xəzinəsi ətrafında kifayət qədər müəmma var. 1945-ci ilin yazında Reyxin iqtisadiyyatı çökdü. Büdcədəki pulu son qəpiyinə qədər yeni silahlanmaya xərclədilər. Amma bu, belə deyildi. Qızıl və brilliant Borman tərəfindən toxunulmaz elan edilmişdi. Kifayət qədər vəsait vardı. Almanlar təkcə Belçika və Hollandiyada yarım milyard dollarlıq qızıl külçə ələ keçirmişdilər. Müasir qiymətlərlə bu, 30 dəfə çox pul deməkdir. Bundan başqa, Avstriya, Çexoslavakiya (104 ton), Danimarka, Fransa, Polşa dövlətlərinin də qızıl ehtiyatı nasistlərin ixtiyarına keçmişdi. Nəzərə alaq ki, işğal edilən ölkələrdə fəaliyyət göstərən yüzlərlə bank, minlərlə qızıl dükanı da bu siyahıya daxil idi. Əsir düşərgələrində əsirlərin ağzından çıxarılan qızıl dişləri də unutmaq olmaz. Təkcə Osvensim düşərgəsindən 4 il ərzində Berlinə 800 kilo qızıl göndərilib!
(Ardı var)