BAKI, 16 okt — Sputnik. Son üç ildə Azərbaycanla İran arasında əlaqələr xeyli inkişaf edib və iki ölkə arasındakı bir sıra problemlər aradan qalxıb. Bunu Sputnik-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə, son illərdə iki ölkə arasında əlaqələrin inkişafında və problemlərin aradan qalxmasında mətbuatın çox mühüm rolu olub.
“Nəticədə ölkərlərimiz arasında qarşılıqlı etimad mihiti yaranıb”, — deyə səfir bildiriи.
İranlı diplomat qeyd edib ki, son üç ildə iki ölkənin KİV-ləri arasında da əlaqələr xeyli inkişaf edib və bu istiqamətdə bir sıra sənədlər imzalanıb: “Sənədlərin imzalanması həm iki ölkənin KİV-ləri arasında, həm də ölkələr arasında əlaqələrin dərinləşməsində, inkişafında, həmçinin anlaşılmazlıqların aradan qalxmasında müstəsna rol oynayıb.”
Diplomat onu da əlavə edib ki, əgər indiyədək İranda Azərbaycan KİV-nin bir nümayəndəliyi var idisə, hazırda dörd KİV-in nümayəndəliyi var: “Ümid edirəm ki, gələcəkdə bu say artacaq və iki ölkə arasında digər sahələrdə olduğu kimi media sahəsində əlaqələr ən yüksək səviyyəyə çatacaq”.