BAKI, 15 okt-Sputnik. Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan "Sputnik"ə müsahibəsində mədəniyyət, teatr, kino sahəsində baş verən hadisələrdən danışıb. Onunla müsahibəni təqdim edirik.
- 14-cü teatr mövsümünü açıq elan etmisiz. Premyeranı necə qiymətləndirirsiniz?
— Bizə qədər bir çox teatrlar mövsümü açıq elan etmişdi. Biz isə əksər illərdə olduğu kimi bu il də sentyabrın 26-da mövsümü açıq elan etdik. Niyə məhz 26-sı?! Çünki sentyabrın 26-sı Dünya Türk Dili günüdür. 1932-ci il sentyabrın 26-da Türk dünyasının ulu öndəri Mustafa Kamal Atatürk tərəfindən Türk Dili Qurumunun ilk qurultayı keçirilib. O, gündən 26 sentyabr Türk Dili Günü kimi tarixə yazılıb. Çox təəssüf ki, nəinki KİV, dilçilərimizin bir çoxu bu tarixi bilmirlər və yaxud xatırlatmırlar.
Hər il teatrın açılış tamaşaları regionlarımızda olub. Lənkəran, Şabran, Xaçmaz və başqa rayonlarımızı qeyd edə bilərəm. Bu il isə açılış tamaşamız Bakının Suraxanı rayonunda oldu. Mən boz işləməyi sevmirəm. Yəni bir rəngdə işləmirəm. Açılış üçün Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılı əsasında eyniadlı tamaşa nümayiş etdirdik. Bu tamaşanın bir neçə eksperimenti var. Biz isə yeni bir eksperiment etdik. Eksperiment ondan ibarət oldu ki, tamaşa zalda oturan tamaşaçıların yaşına uyğun olaraq dəyişdirilirdi. Bu, müasir texnikadan son dərəcədə uzaq, milli mədəniyyətə söykənən tamaşa idi. Tamaşa bir saz aləti üzərində qurulmuşdur. Unutmayaq ki, bizə repi, popu, roku sevdirən milli musiqimiz olub. Tamaşadan sonra müxtəlif fikir deyən tamaşaçılarımız oldu. Yaşlı bir kişi nəvəsini tamaşaya gətirib. Bu kişi ömründə ilk dəfə teatra gəlib deyib, mutləq İntiqam Soltanı görüb minnətdarlığımı bildirmək istəyirəm ki, teatrı mənə sevdirdi. Bir xanım tamaşaçımız deyib ki, elə bil Zəlimxan Yaqubun yaradıcılıq gecəsi idi. Bu cür müsbət rəylər göstərir ki, tamaşamız uğurlu olub.
- Teatrınıza yeni bina verilməsi gözlənilirmi?
— Mədəniyyət sistemində bir nəfər məmur tapa bilməzsiniz ki, o, Bakı Uşaq Teatrının bu günkü ünvanını əzbər desin. Baxmayaraq ki, Bakı Uşaq Teatrı Qafqazda ilk peşəkar uşaq teatrıdır. Təkcə ötən ilki fəaliyyətimizə nəzər yetirsək, görərik ki, heç bir teatrın fəaliyyəti bizimlə müqayisə olunan deyil. Vətənpərvərlik borcumuz bilərək bütün regionlarımızda narkomaniyaya qarşı tamaşa göstərdik. Bu tamaşa Strasburqda 80 ölkə arasında narkomaniyaya qarşı mübarizədə ən innovativ lahiyə kimi üçüncü yeri tutdu. Amma çox təəssüf ki, bu cür teatra bina verilməsiylə bağlı hələ də heç bir iş görülmür.
- Daimi məkanı olmayan teatr üçün işləmək çətin deyilmi?
— Xeyr, çətin deyil. Çünki, sevginin gözü kor, qulağı kar, dili lal olur. Yetər ki, öz vətənini, millətini, sənətini sevəsən. Əslində teatrın məkanı olmamalıdır. Teatr təkər üstündə olmalıdır. Teatr küçədə, məhəllədə, meydanda tamaşa göstərməlidir. Teatrın böyük teatrlar kimi məkanı olduqda divarları hörümçək toru olacaq.
- Orta təhsil müəssisələrində biletlərin satışının qadağası aradan qalxıbmı?
— Dediklərim ola bilər siyasi rəng hesab olunsun. Eks təhsil naziri və onun kadrları məktəblərdə guya təbaşirlərin, jurnalların, süpürgələrin satışının qarşısını almaq məqsədilə teatr biletlərinin də satışını qadağan etdi. Qiyməti 2 manat olan biletləri məktəblilərə 4-5 manata satırdılar. Sonuncu dediyim problem bir çox ölkələrdə var. Bunu tam səmimiyyətimlə deyirəm. Lakin mən bunu qanuniləşdirməyi təklif etdim. Təşkilatçı kimi məbləğin müəyyən hissəsi məktəbə, qalan hissəsi isə teatra verilsin. Məktəbi teatrdan uzaq salmaq lazım deyildi. Bu çox yanlış qərar idi. Hüseynağa Atakişiyevin bir sözü var idi: "İncəsənətdə həyasızlar dövrüdür." Yəni incəsənətdə olan bu həyasızlar hansısa üsullarla məktəbə yol tapıb, istəklərinə nail olurlar. İncəsənətdə belələrinə "Xəkəndaz torbaları" deyirlər, ona görə ki, işləri pul yığmaqdır. Bu cür teatrlar məktəblərə daxil olub, uşaqların səviyyəsini aşağı salıb, onları pis vərdişlərə yönəldirlər. Qalan istedadlı, həyalı insanlar isə kənarda qalır. Bu vəziyyət bərbad olan təhsil sistemimizə bir daha zərbə vurur. Sadəcə bu vəziyyətdə uduzan xalq olur. Amma bizim öz tamaşaçılarımız olub. Müəyyən məktəblər var ki, özləri bizə müraciət edirlər və iş birliklərimiz olur. Uşaq teatrının ilk işi uşaqları, gənc valideynləri, yeniyetmələri maarifləndirmək olmalıdır. Əgər bir xalqın, millətin yeni doğulan körpələrinin yüzdə səksən faizi ana südü ilə qidalanmırsa, onların arasında cahilləri çox olacaq. Ona görə də onlar mütləq maarifləndirilməlidirlər. Son dövrlər dünyaya gələn körpələr təbii doğuş üsulu ilə deyil, qeysəriyyə əməliyyatı ilə dünyaya gəlirsə, o ana maariflənməlidir.
Bu yaxınlarda Təhsil Nazirliyi ilə birgə yeni lahiyəmiz olacaq. Bu lahiyə özəllikləriylə digər layihələrdən tamamilə fərqlənir.
- Bakı Uşaq Teatrının maddi tərəfini hansı qurum qarşılayır?
- Biz qəliz lahiyələri həyata keçiririk. Bir dəfə Ələkbər Hüseynovla belə bir dialoqumuz oldu.
- Ay İntiqam bu uşaqlarla işləmək çətin deyilmi?
- Ələkbər müəllim, çətindi, amma çox rahatdı.
- Necə rahatdı?
-Təsəvvür et ki, sıldırım qayalıqda at çapırsan və bu qayalıqda sən təksən.
Bizim ən böyük lahiyələrimizdən biri "QİÇS"in yaranma səbəbləri, onun qarşısının alınması ilə bağlı olan "Qeyri-adi məhkəmə" adlı tamaşamız oldu. Bu tamaşanı həbsxanalarda səhnələşdirdik. Bu lahiyəni Ədliyyə Nazirliyi ilə birgə həyata keçirdik. Digər birgə lahiyəmiz narkomaniyaya qarşı olan "Həyat dolu" tamaşasıdır ki, Gənclər və İdman Nazirliyi tərəfindən sifariş edilmişdir. Yaxın zamanda Vergilər Nazirliyinə yeni lahiyə ilə müraciət edəcəyik. Dövlətin onurğa sütünu vergilərdən əldə olunan gəlirdi. Sirr deyil ki, Azərbaycanda vergidən yayınma halları kifayət qədərdir. Lahiyəmizdə övladın valideynə verdiyi sual valideyni düşünməyə vadar edir və o vergidən yayınmayacaq. Bu tip lahiyələrlə digər nazirliklərə də müraciət etməyi nəzərdə tuturuq.
- Yəni mütamadi olaraq maliyyə ayıran qurum yoxdur?
— Bakı Uşaq teatrı Bakı İcra Hakimiyyəti tərəfindən maliyyələşdirilir. Gülməli vəziyyət ondadır ki, Bakı İcra Hakimiyyətinin başçısı, hörmətli Hacıbala Abutalıbov öz imzasıyla yaratdığı yeganə uşaq teatrının direktorunu tanımır. Direktor olaraq 14 ildir ki, Hacıbala müəllimlə görüşə bilməmişəm.
- Bəs milli kinomuzun bu günü bir aktyor olaraq sizi qane edirmi?
- Bir çox sahələrdə çatışmayan bir amil var. Sirr deyil ki, dövlət başçısı tərəfindən ayrılan maliyyənin çəkiliş meydançasına heç onda ikisi gəlib çatmır. Bu halda hansı peşəkar işdən söhbət gedə bilər?! Bu vəziyyəti hamı bilir, amma heç kim dillənmir. Bunun nəticəsi olaraq mədəniyyət sarsılır. Mədəniyyət elə bir sahədir ki, o, ölkəni tez tərk edir, gec qayıdır. Əgər mədəniyyətimiz zədələnsə, biz uzun müddət onu bərpa edə bilməyəcəyik. Necə ki, zədəli təhsilimizi bərpa edə bilmirik. Məsələn, maliyyənin onda ikisi ilə mən rejissorun, operatorun zəiflərini dəvət edirəm, aktyorların isə qeyri-peşəkar olanlarını seçirəm ki, maliyyə çatsın. Hətta qeyri-peşəkar olanlardan 5-10 manat da alıram. Ən yaxşı halda rejissor peşəkar aktyorlardan xahiş edir ki, aktyor öz geyimindən, maşınından istifadə etsin. Bu hal isə aktyorun imicinə təsir edir. Məsələn, ölkəmizdə çəkilən ən kefiyyətli serial hesab olunan "Pərvanələrin rəqsi"ndə mən olduqca mənfi obraz canlandırmışam. Gündəlik həyatda tamaşaçı məni o geyimdə, o maşında görür və mən onların yaddaşında əclaf insan kimi qalıram. Çünki fərqləndirən heç nə yoxdur. Hətta bir dəfə küçədə o obraza görə məni döymək istəmişdilər. O dərəcədə kinoya inanan insanlar var. Bu insanların fantaziyasına zərbə vurmaq olmaz. Bizdə peşəkarlıq da çatışmır. Peşəkarlıq olmayan yerdə isə peşə namusunu qoruya bilmərik. Peşə namusunu qoruya bilmiriksə, o peşə bir gün bizi millətin, xalqın, dövlətin qarşısında alçaldacaq.
- Bəzən zəif seriallarda tanınmış, istedadlı aktyorlarımızı görürük. Bəs peşəkar aktyorların zəif seriallarda çəkilmə səbəbi nədir?
- Zamanında müəllif teatrları yaradılmışdı. Hacıbaba Bağırov "Tənqid-təbliğ" teatrını, Hüseynağa Atakişiyev "Gənclər" teatrını, Cənnət Səlimova "Kamera" teatrını, Vaqif İbrahimoğlu "Yuğ" teatrını yaratdılar. Bu teatra onların adına görə gedirdilər. İndi hanı o teatrlar?! Tək qalan "Yuğ" teatrıdır ki, o da demək olar, istiqamətin dəyişib. Orda işləyənlər dostlarımdır, inciməzlər, özləri də etiraf edə bilərlər ki, onlar əvvəlki istiqamətlərini dəyişiblər. Özlərini çox bilmiş hesab edən rejissorlar da fikirləşirlər ki, tanınmış sima ilə filmlərini baxımlı edəcəklər. Tanınmış və istedadlı aktyorlar isə maddiyyat ucbatından belə filmlərdə çəkilməyə razılıq verirlər.
- "Qız Yükü" serialının zəif olduğunu deyib, serialdan uzaqlaşdınız. Bu serialın zəif xüsusiyyətləri nə idi?
- Mən bu məsələnin yenidən gündəmə gəlməsini istəmirəm. Çünki, qarşı tərəf yenidən məsələni qabarda bilər. Onu deyə bilərəm ki, İntiqam Hacılı məni özü dəvət etmişdi. Mən isə İtiqamın qarşısına iki şərt qoydum. Birincisi peşəkar iş olmalı, ikincisi kollektivdə heç kimə maddi xəyanət olmamalıdır. Bir neçə gündən sonra şərtlərimin biri də əlavə olundu. Əxlaqsızlıq olmayacaq. Yenə deyirəm mən bu məsələni qabartmaq istəmirəm. Konkret deyə bilərəm ki, bölümlərin birinin çəkilişi zamanı rejissorun ssenaridən xəbəri yox idi. Mən o zaman qərar verdim və serialdan ayrıldım. Ola bilsin, bunu qarşı tərəf təkzib etsin. İntiqam Hacılı serialı yüksək hesab edə bilər. Yayımlanan televiziyada reytinqdə birinci olması səbəbini də desəm, qırğın düşər. Mən o serialdan ayrıldıqdan sonra belə maddi istəyim olmadı. Çünki, sənətimlə bağlı işdə mənə görə ilk növbədə sənətdir. Halbuki, 6-7 bölümündə işləmişdim. Cəmi 2 bölümünün pulunu almışdım.
- Yerli filmlərimizdə erotik səhnə olanda qınaq obyektinə çevrilir. Sizcə səbəb nədir?
- Nəzər yetirsək görərik ki, ərəb ölkələrindən sonra ən çox pornoqrafik videolara baxan bizim ölkədir. İlk növbədə tamaşaçı kimi maariflənməmişik. Zamanında valideynlərimizin özləri tərbiyəsiz tərbiyə olunub. Sovet dövründə təlim-tərbiyə sistemi tərbiyəsiz olub. Ona görə də, bu gün özümüzdə olana pis, qonşuda olana yaxşı baxırıq.
- İştirak etdiyiniz "Türk adası" lahiyəsi haqqında fikirləriniz?
- Mənə İstanbuldan zəng gəldi ki, sizi TRT — də yayımlanacaq bu lahiyədə görmək istərdik. Yaş həddini soruşdum. Dedilər 24-40 yaş arası nəzərdə tutulub. Mən deyəndə ki, artıq mənim 50 yaşım var, onlar məndən şəkillərimi göndərməyi xahiş etdilər. 10 dəqiqədən sonra zəng vurdular və bizi lahiyədə görmək istədiklərini dedilər. Maraqlı lahiyə olmasına baxmayaraq, qüsurları çox idi. Deməli, beş türk dövlətindən olan cütlükləri yığıblar adaya və burada onları yarışdırıb aralarına intirqa salmaq istəyirdilər. Arzu xanımla (Arzu Soltan, tanınmış jurnalist, İntiqam Soltanın həyat yoldaşı — red.) birlikdə biz buna etiraz etdik, çünki bir maşın uğrunda türk dövlətlərinin nümayəndələrinin bir-birilə intiriqaya girməsi bizim üçün qəbuledilməz idi. Yarışmanın ikinci günündən artıq ssenari dəyişdirildi. Veriliş zamanı aparıcı ən çox dialoqu mənlə qururdu. Arzu xanımla birlikdə layihəyə qatılmaqda məqsədimizi açıqladıq. Məqsədimiz maşını qazanmaq yox, Qarabağı təbliğ etmək idi. Oyunlarda udanda da, uduzanda da Qarabağla bağlı bir bənd mahnı oxuyurduq. Artıq ikinci verlişdən sonra digər veriliş iştirakçıları da mahnını bizimlə birgə oxuyurdular. Biz verilişin şüarını dəyişməyə nail olduq. Şüarımız isə "Oyun bəhanə, birlikdə olmaq şahanə". Yəni beş türk dövlətinin bayraqlarının birlikdə dalğalanması daha qürurvericidir. Nəinki onların bir maşın üstündə intiriqaları. Azərbaycanı təmsil etdiyim üçün qürur duyuram.
- İntiqam Soltanı mədəniyyət və siyasətdə birləşdirən amil?
- Siyasətin müxtəlif tərifləri var. Mən bu meydana siyasətlə məşğul olmaq üçün atılmıram. Siyasətdə mədəniyyətə nail olmaq üçün bu meydana atılıram. Şüarım isə "Mədəniyyətdə siyasət, Siyasətdə mədəniyyət". Yəni mədəniyyəti sistemli şəkildə inkişaf etdirmək, eləcə də siyasətdə mədəniyyətin inkişafına nail olmaq əsas məqsədimdir.
Söhbətləşdi: İbrahim Aydın