BAKI, 15 okt — Sputnik. “Bayağı verilişlərin qapadılmasında əsas məqsəd ondan ibarətdir ki, efirdə maarifləndirici, hərbi-vətənpərvərlik proqramlarının sayı artsın. Efirin sağlamlaşdırılması istiqamətində gördüyümüz işlərin kökündə o dayanır ki, efirdə xalqa, dövlətə lazım olan verilişlərin həcmi çox olsun”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, bu gün daha çox özəl telekanalların proqram səbətində hərbi-vətənpərvərlik verilişlərinin sayı azdır: “İstər-istəməz özəl telekanallar reytinq xətrinə şouya, əyləncəyə meyl edirlər. Bu gün hərbi-vətənpərvərlik verilişləri ilə bağlı daha çox narahatlıq özəl kanallardadır. Təbii ki, onları başa düşmək olar. Özəl telekanallar pul qazanmaq üçün layihələr də hazırlamalıdır. Amma bunu əsas tutmaq olmaz. Lakin onu qeyd etməliyəm ki, ümumilikdə özəl telekanallar hərbi-vətənpərvərliklə bağlı proqramları birmənalı şəkildə kənara atmayıblar. Bu istiqamətdə iş görürlər”.
T. Dadaşov qeyd edib ki, telekanallarda bu yaxınlarda qapadılan serial və proqramların yayımlandığı vaxt Şura tərəfindən maarifləndirici, hərbi-vətənpərvərlik verilişlərinin yayımlanması tövsiyə edilib.