BAKI, 15 okt — Sputnik. Bu gün "Bakı Metropoliteni" QSC növbəti mədəniyyət layihəsinə start verib. Nəriman Nərimanov metrostansiyasının keçidlərində “Dünya rəssamları” adlı sərgi açılıb. “Bakı Metropoliteni” QSC-nin təşkilatçılığı və “AtraBank” ASC-nin dəstəyi ilə keçirilən sərgidə dünyaca məşhur rəssamların müxtəlif muzeylərdə sərgilənən əsərləri nümayiş olunur.
Leonardo Da Vinci, Pablo Pikasso, Van Qoq, Amadeo Modilyani, Ejen Delakrua, Rafael Santi, Karl Bryullov, Edvard Munk, Qustav Klimt, Yan Vermeyer, İsaak Levitan və digər klassiklərin 85 əsəri ilə yaxından tanışlıq imkanı yaradılıb. Hər bir əsərin yanında 3 dildə kiçik bir lövhəcik də quraşdırılıb ki, burada əsərin müəllifi, yaranma tarixi və mövzusu haqda Azərbaycan, rus və ingilis dillərində izah verilib. Layihə 6 ay ərzində davam edəcək.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev “Sputnik” agentliyinin əməkdaşına bildirib ki, tədbirin keçirilməsində məqsəd, insanları dünya incəsənəti ilə yaxından tanış etmək, onlarda estetik zövq formalaşdırmaqdır. “Bu layihəmiz ilk addım deyil. İlk sərgimiz yenə də Nərimanov metrostansiyasında olmuşdu. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə — Azərbaycanda talassemiyadan əziyyət çəkən uşaqların rəsm sərgisini keçirmişdik. Məqsəd, ictimaiyyətin diqqətini mövcud problemə yönəltmək, donorlara yardım çağırışı etməkdi. İyulun 15-dən etibarən isə Gənclik stansiyasında həvəskar və peşəkar fotoqrafların işlərindən ibarət keçirilən müsabiqə-sərgi hələ də davam edir”.
Metropoliten rəsmisi həmçinin bildirib ki, incəsənət sahəsinə aid layihələr davamlı olacaq.