BAKI, 15 okt — Sputnik. Əcnəbini qanunsuz olaraq ova aparan Azərbaycan vətəndaşı 18500 manat həcmində cərimələndi.
Bu barədə Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilib.
Nazirlikdən bilridildi ki, əcnəbi ölkə vətəndaşlarının bir neçə gün ərzində Azərbaycanda qonaq olmaları və Saatlı rayonunda ov etmələri barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Vüsal Ağayev adlı şəxs bilavasitə qonaqları müşayiət edib, onların Azərbaycanda gəzintisini, istirahətini, ov məqsədi üçün quşlara təlim keçmələrini və ov etmələrini təşkil edib. Lakin bu şəxs qanunamüvafiq qaydada lisenziya alınması üçün ETSN-nin aidiyyəti qurumlarına müraciət etməyib.
Bununla da Azərbaycan təbiətinə, heyvanlar aləminə nümayişkaranə surətdə zərər vurduğuna, ölkənin təbiəti mühafizə haqqında qanunlarına məhəl qoymadığına və birbaşa olaraq “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 14 oktyabr 2015-ci il tarixində Vüsal Ağayev barəsində 21093 nömrəli protokol tərtib olunub, ona fiziki şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 18500 manat məbləğində cərimə və iddia tətbiq edilib.