BAKI, 15 okt — Sputnik. Əgər Türkiyədə siyasi partiyalar koalisiya qura bilməzlərsə, o zaman ölkəni daha böyük təhlükələr gözləyir.
Bunu Sputnik-ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, son günlərədək AKP-nin təkrar parlament seçkilərində mütləq qələbə çalaraq hakimiyyətə təkbaşına gələcəyinə ümid var idi: “Ancaq Ankarada baş verən terror hadisəsindən sonra AKP-nin mütləq qələbəsi mümkün görünmür. Çünki Ankaradakı terror hadisəsindən sonra PKK-nın siyasi qanadı olan HDP-nin cəmiyyətdə reytinqi müəyyən qədər qalxdı. Ankarada törədilən terror aktı daha böyük ehtimalla İŞİD tərəfindən tördilib və mitinqi də HDP tərəfdarları, həmkarlar təşkil edib. O baxımdan terror hadisəsindən sonra HDP ətrafında bir məzlum partiya obrazı yaradılıb ki, bu məzlumluq da onaların reytinqinə xidmət edib. Ona görə də təkrar seçkilərdə HDP-nin yenə 10%-lik baryeri aşaraq parlamanetə düşmə ehtimalı böyükdür.”
Ekspert hesab edir ki, belə olacağı təqdirdə Türkiyədə koalisyon hökumətin qurulması qaçılmazdır.
“Koalisiya hökumətinin qurulması üçün ən məqbul partiya MHP-dir. Çünki hər iki partiya sağ mərkəzçidir, seçiciləri oxşardır, AKP-də də millətçi qanad var. Amma AKP MHP anlaşması alınmır və MHP tərəf AKP-yə qarşı cıxır. Odur ki, yenə də koalisyon hökumət formalaşması ümidi qalır AKP-CHP danışıqlarına. Ancaq bu iki partiya fərqli ideoloji baxışa malik olduqlarından koalisiya qurulsa belə bu koalisiyanın uğurlu və uzunmüddətli olacağına inam azdır”, — deyə ekspert vurğulayıb.
Politoloq əlavə edib ki, əgər bu dəfə siyasilər bir araya gəlib hakimiyyəti formalaşdıra bilməzlərsə, o zaman Türkiyə daha ciddi təhdid və təhlükələrlə üz-üzə qalacaq: “Odur ki, siyasilərin üzərinə çox böyük məsuliyyət düşür. Əgər Türkiyə indiyədək PKK ilə mübarizə aparırdısa, bundan sonra iki cəbhədə həm PKK, həm də İŞİD-ə qarşı müvbarizə aparmalı olacaq. PKK-dan fərqli olaraq İŞİD Türkiyə üçün daha təhlükəlidir. Çünki İŞİD daha çox canlı bombaya üstünlük verəcək ki, bu da daha böyük faciələrə səbəb olacaq. Türkiyədə siyasilər məsuliyyətlərini dərk etməlidirlər”.