BAKI, 15 okt — Sputnik. Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur.
Sputnik-in xəbərinə görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının bəyanatında deyilir: "Azərbaycanın hava məkanının sahəsi Xəzər dənizinin hissəsi də daxil olmaqla 168 min kvadrat kilometr təşkil edir. Hazırda Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur. Hər gün Azərbaycan hava məkanı ilə təxminən 400-450 uçuş (o cümlədən tranzit uçuşlar) həyata keçirilir ki, onların arasında dünyanın iri aviaşirkətlərinin hava gəmiləri var. Uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir".
Qeyd edək ki, Rusiya Xəzər dənizindən Suriya ərazisində yerləşən İŞİD mövqelərini vurduqdan sonra bəzi aviaşirkətlər üçün Azərbaycanın hava məkanının təhlükəli zonaya çevrilməsi barədə məlumatlar yayılıb.