Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Asim Mollazadə: Sahibkarların fəaliyyəti ASAN xidmətlə nizamlanmalıdır

© Photo : APAAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: Kiçik və orta sahibkarlığın inkişafı və sahibkarların müdafiəsi məqsədi ilə ASAN xidmətin fəaliyyəti genişləndirilməlidir.

BAKI, 14 okt — Sputnik. Sahibkarların müdafiəsini təmin etmək, onları məmur özbaşınalığından qorumaq üçün biznesmenlərin fəaliyyəti də ASAN xidmətlə tənzimlənməlidir.

Sputnik xəbər verir ki, bu fikri millət vəkili Asim Mollazadə parlamentdə 2016-cı il dövlət büdcəsinin müzakirləri zamanı səsləndirib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı və sahibkarların müdafiəsi məqsədi ilə ASAN xidmətin fəaliyyəti genişləndirilməlidir: “Biz kiçik və orta sahibkarlığı inkişaf etdirmədən ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail ola bilməyəcəyik. Əgər biz bu sahənin inkişafını istəyiriksə, o zaman sahibkarların çoxsaylı yoxlamalardan xilas olması baxımından real addımlar atmalıyıq. Artıq sözdən real işə keçməyin vaxtıdır. Ona görə də təklif edirəm ki, sahibkarların hüquqlarını müdafiə etmək və sahibkarlığın inkişafı məqsədi ilə ASAN xidmətin tətbiq sahəsi genişləndirilsin. Biz bu yolla sahibkarları məmur özbaşınalığından qoruya bilərik.”

Millət vəkili eyni zamanda bildirdi ki, büdcə sosialyönümlü olduğundan növbəti ildə də sosial proqramlar həyata keçiriləcək və bu məsələdə problem olmayacaq.

“Bunu nəzərə alaraq təklif etmək istərdim ki, müharibə veteranları və şəhid ailələrinə olan diqqət artırılsın və onların problemləri həll edilsin. Yadda saxlamalıyıq ki, hələ də ölkəmizə qarşı aparılan müharibə bitməyib. O baxımdan torpaqlarımız uğrunda qan tökmüş və canlarını vermiş insanlara diqqət yetirməli və onların sosial müdafiəsini gücləndirməliyik”, — deyə millət vəkili qeyd edib.

Mollazadənin fikrincə, indiyədək turizm, otelçilik sahəsinə yatırılan sərmayələrdən gəlirlərin əldə edilməsi vaxtı yetişib: “Bunun üçün təhsil sahəsində islahatlara ciddi ehtiyac var. Biz ancaq peşəkar kadrlarla yatırılan sərmayələrdən gəlirlər əldə edə bilərik. Ona görə də peşə təhsilinə, eyni zamanda ali təhsil ocaqlarında peşəkar kadrların hazırlanmasına diqqət yetirməliyk. Necə ki, belə gənc kadrlar hesabına ASAN xidmət öz effektini verir.  Odur ki, peşəkar kadr hazırlığına diqqət artmalıdır. Peşəkar kadrlar olmadan effektli olaraq iqtisadiyyatın şaxələndirməsinə nail ola bilməyəcəyik.”

Millət vəkili eyni zamanda kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məqsədi ilə müasir texnologiyaların tətbiq edilməsini vacib sayır.

Xəbər lenti
0