BAKI, 14 okt — Sputnik. Milli Məclis hökumətə 6 gün vaxt verdi.
Sputnik xəbər verir ki, parlamentdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ətrafında aparılan ikigünlük müzakirələr bitib. Parlament 2016-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verib.
Müzakirələrin yekunu olaraq Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək: “İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burda müzakirələrdə danışılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcənin səsverməsinə başlanacaq”.
Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilir.
Prosedur qaydaya uyğun olaraq hökumət müzakirələrin yekunu olaraq səsləndirlən təkliflərə öz mövqeyini bildirəcək, verilən suallara cavab verəcək. 10 gün müddətində isə səslənən təklifləri nəzərdən keçirərək hansısnın qəbul edilməsi məqbulsa, onu nəzərə alacaq. Ondan sonra parlament büdcə zərfininin qəbul olunmasına səs verəcək.