BAKI, 14 okt — Sputnik. Azərbaycan həssas və vacib bir bölgədə yerləşdiyindən Yaxın Şərqdə və Suriyada baş verən hadisələrin bura keçmə risqi var.
Bunu Sputnik-ə açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, Suriyada və İraqın şimalında baş verən proseslərin yaxın ərazidə baş verdiyindən Azərbaycan risq zonasında yerləşir.
Politoloq bildirib ki, İŞİD qruplaşmaları emissarları bir sıra postsovet məkanındakı müsəlmanlar arasında təbliğat apararaq, bu ölkələrin vətəndaşalrı hesabına sıralarını genişləndirməyə çalışırlar.
“O baxımdan radikal qruplaşmaların ölkəmizdə vəziyyəti gərginləşdirməsi istisna deyil. Amma buna baxmayaraq Azərbaycan hüquq-mühafizə orqanları aktiv işləyir. Məhz bunun nəticəsidir ki, son illərdə müxtəlif belə qruplaşmaları zərərsizlədiriblər. Hansı ki, bu qruplar Azərbaycanda nəinki terror aktı törətməyə cəhd edib, eyni zamanda insanlara qarşı bir sıra təhdidlər edilib”, — deyə poliroloq vurğulayıb.
Politoloq onu da əlavə edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı ayıq-sayıq olsalar da, bölgəni müharibə çəlləyinə çevirən qüvvələr bunun arealının genişlənməsində maraqlıdırlar.
“Ona görə də Azərbaycan bu məslədə ayıq-sayıq olmalıdır. Düzdür, Azərbaycan özünü belə təhlükələrdən qoruyan ölkədir və buna qadirdir. Ancaq heç nəyi istisna etmək olmaz. Artıq Rusiya da radikal dini qruplaşmaların aktivləşməsi ciddi narahatlıq olduğundan İŞİD-ə qarşı mübarizədə ikinci koalisiyanı yaratmaq istəyir və bu məqsədlə İran, İraq və Bəşər Əsədlə bu sahədə sıx əməkdaşlıq etməyə başlayıb. Həmçinin bizə qonşu və strateji mütətfiq ölkə olan Türkiyə də bu prosesin içindədir. Gürcüstan da bölgəyə yaxın olduğundan bu ölkənin Pankisi deyilən ərazisində radikal islamçıların təlim bazası yerləşir və orada onlar təlimlər keçrilər. Ona görə də Azərbaycan hüquq-mühafizə orqanları bütün bunları qiymətləndirməlidirlər. Çünki uğurlu qabaqlayıcı tədbriləri vaxtında əldə edilən kəşfiyyat məlumatları əsasında həyata kerçimək olar. Bu baxımdan bir daha deyirəm ki, həssas və əhəmiyyətli coğrafi məkanda yerləşdiyimiz nəzərə alaraq qabaqlayıcı tədbirləri həyata keçirməliyik”, — deyə Abbasov qeyd edib.