CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlqar Məmmədov və Tofiq Yaqublu barəsində məhkəmə qərarı ləğv edilib

© Photo : REPORTAli Məhkəmə
Ali Məhkəmə - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

BAKI, 13 okt — Sputnik. Bu gün Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, prosesdə İ. Məmmədovun vəkili Fuad Ağayev çıxış edib. O, bildirib ki, İ. Məmmədovun barəsində Avropa Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsi qətnamə qəbul edib: “Bütün sənədlərdə İlqar Məmmədovun yubanmadan azadlığa buraxılması tələb olunur”.

Vəkil məhkəmədən kassasiya şikayətinin təmin olunmasını və İ. Məmmədovun barəsindəki cinayət işinə xitam verilməsini xahiş edib.

Daha sonra çıxış edən T. Yaqublunun vəkili Nemət Kərimli isə prosesin həddindən artıq uzanmasına etiraz edib.

Dövlət İttihamçısı Rəsul Abbasov prosesdə çıxış edərək cinayət işinə xitam verilməsinə ehtiyac olmadığını, əvvəlki məhkəmə instansiyalarında həmin şəxslərin təqsirinin sübuta yetirildiyini qeyd edib. Bundan əlavə, o bildirib ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə müdafiəçilər tərəfindən verilən bəzi vəsatətlər təmin edilməyib, bu da Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin pozulması kimi qiymətləndirilə bilər. Dövlət ittihamçısı buna görə məhkəmədən müvafiq qərar qəbul etməyi xahiş edib.

Müşavirədən sonra hakim qərarı elan edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. 

Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Xəbər lenti
0