BAKI, 13 okt — Sputnik. Əlləri yumanın əhəmiyyətini hamı bilir, ancaq buna çox adam riayət etmir. Hazırda xəstəxanalarda infeksiyaların sürətlə yayılmasının səbəbi kimi, xüsusilə tibb işçilərinin hər xəstə ilə təmasdan əvvəl və sonra əllərini yumamaları göstərilir.
Əl yumada məqsəd kimyəvi, fiziki maddələrin və infeksiya törədicilərini uzaqlaşdırmaqdır. Əl adi su ilə yuyulduqda, bunlar, mexaniki olaraq uzaqlaşdırılır, ancaq təmizlik tam mümkün olmur. Buna görə də, su ilə bərabər, sabundan da istifadə etmək lazımdır. Sabun, təkcə əlin dezinfeksiyası üçün deyil, allergiyaya səbəb olan maddələrin də (nikel, qurğuşun, dəmir və s.) uzaqlaşdırılmasında ən təsirli vasitələrdəndir.
Normal qəlib sabunla maye sabunun təsiri eynidir. Ancaq, qəlib sabunların qoyulduğu mühit və istifadəçilərin əllərini yuduqdan sonra sabunu təmizləmədən yerinə qoymaları səbəbindən, qəlib sabunlar kirlənmə mənbəyi ola bilər. Bunun üçün də, xüsusilə ictimai yerlərdə, maye sabundan istifadəyə üstünlük verilməlidir.
Normal sabunlarla və ya tərkibində əlavə maddələr olan sabunlarla əl yuyulduğu zaman bir çox mikroorqanizmlər uzaqlaşdırılır.
sabun-əlləri sabunla yuyunIlk növbədə ilıq və ya dözə biləcəyiniz istilikdə sudan və sabundan istifadə edin (xüsusilə antimikrobial).
Əllərinizin hər yerini — bilək, ovuc içi, barmaqlar və barmaq araları, əlin arxası və dırnaqları tam yuyun (imkan varsa, dırnaq fırçası ilə dırnağın altını da yuyun). Əllərinizi ən azı 15 saniyə ovxalayın. Əllərinizi qurutmağa dirsəkdən başlayaraq və barmaq uclarınıza doğru irəliləyin. Əllərinizi qurutduğunuz zaman ovxalamayın və dəsmalı əlinizə çırparaq qurulayın.
Bostonlu həkim Vendel Holms puerperal qızdırmanın qarşısını almaq üçün əl yumanın əhəmiyyətim göstərən ilk tədqiqatçı kimi tanınsa da, tibb tarixi, 1847-ci ildə doğumda əl gigiyenasının əhəmiyyətini göstərən və metod olaraq həyata keçirən Eqnaz Filip Semmelveysi, tibbdə əl gigiyenasına diqqət verən ilk insan olaraq xatırlayır.
Larson 1989-cu ildə nəşr edilən və 1879-1986-cı illər arasında əl yuma ilə əlaqədar məqaləsində "infeksiyaların qarşısının alınmasında əl yumanın hələ də ən əhəmiyyətli metod olduğunu və bu mövzuya diqqət edilməsinin vacibliyini" göstərmişdir. Daha sonralar, bəzi tədqiqatlarda, tibb işçilərindən əl yumağa çox əhəmiyyət verənlərin xəstə ilə təmaslarının yalnız 75 faizində əllərini yuduqları və bu qrupun da həkim olmadığı bildirilmişdir.
HİV (QİÇS) və Hepatıt A kimi infeksiyaların bütün dünyada yayılmasından sonra, tibb işçiləri özlərini qorumaq üçün daha həssas hərəkət etməyə başladılar və xəstəyə baxarkən, əlcəkdən istifadə edilməsi dramatik bir şəkildə çoxaldı. Doğrudur, əlcəklər tibb işçilərini qoruyurdu, ancaq eyni əlcəklə fərqli xəstələrlə təmasda olan tibb işçilərinə tez-tez rast gəlinirdi.
Ümumiyyətlə, həkimlər tibb işçiləri arasında əl yumağa ən az riayət edən qrupdur. Ancaq xəstələr arasında aparılan araşdırma zamanı qəribə bir nəticə alınmışdır: əl yuma mövzusunda maarifləndirilən bir xəstəxanada tibb işçilərinin əl yuma faizi artmışdır.
Əl yuma kimi vacib və həyati bir vərdiş bütün cəmiyyətə aşılanmalıdır. Bunun ən təsirli yollarından biri isə, müayinədən əvvəl və sonra, həkim və ya tibb işçilərinin xəstənin gözü qarşısında uyğun bir şəkildə əllərini yumasıdır. İnsanların tibb işçiləri ilə hər hansı bir səbəblə qarşılaşmaları tibb işçilərinin əsas vəzifələrindən olan sanitar maarifi işi üçün ən münasib fürsətlərdən biridir və bu fürsət qətiyyən qaçırılmamalıdır.
Əl yuma mövzusunda həyata keçirilən ciddi tədbirlər nə xəstəxana infeksiyalarını, nə də cəmiyyətdə dayanıqlı infeksiyaları azalda bilməmişdir. Buna baxmayaraq, əl yuma xəstəxana infeksiyalarının qarşısını almaq üçün bəlkə də yeganə tədbirdir.
Əl yuma mövzusuna getdikcə daha çox əhəmiyyət verilir — antimikrobial sabunlar, alkoqollu əl təmizləyiciləri, əl yuma maşınları kimi növbənöv metodlar sınaqdan keçirilməkdədir.