Azərbaycan çətin seçim qarşısındadırmı?

© Sputnik / Anton Denisov / Mediabanka keçidA view of Baku
A view of Baku - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloqlar Suriya münaqişəsi və Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın geopolotik rolu barədə danışıblar

Azərbaycan çətin seçim qarşısındadırmı?
Suriya münaqişəsi dünyanı narahat edən problemlərdən biri kimi qalmaqda davam edir. Oktyabrın 7-də Rusiyanın Xəzər donanmasının dörd gəmisindən Suriya ərazisindəki İŞİD terror təşkilatının mövqelərinə raket zərbələri endirildi. Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması bir o qədər təəccüb doğurmamışdı və əksər ekspertlər bunu Obama-Putin anlaşmasının məntiqi nəticəsi olaraq sakit qarşılamışdılar. Lakin “sülh dənizi” adlandırılan Xəzərin müasir tarixində ilk dəfə olaraq Putinin 2 min km-lik məsafədəki hədəflərin vurulmasına göstəriş verməsi 3-cü Dünya Müharibəsi riskini artıran hadisə kimi dəyərləndirilir.

Politoloq Tofiq Abbasovun fikrincə, Suriyada üçüncü mini dünya müharibəsi formalaşır, eləcə də “soyuq müharibə” yenidən peyda olur:

“Suriya bir çox ölkənin marağı cəmləşən həssas bölgədir. Biz görürük ki, iştirakçıların dairəsi durmadan genişlənir. Bu da onu göstərir ki, burda artıq mini yeni dünya müharibəsinin modifikasiyası təşəkkül tapır. Vəziyyət çox ciddidir və heç bir dövlət deyə bilməz ki, bu problem bizə aid deyil. Soyuq müharibənin işartıları yenidən peyda olur. Biz görürük, ABŞ və Avropanın nəzarətində olan mətbu orqan və ekspertlər hansı interaktivləri yayırlar və Rusiya onlara qarşı hansı cavabları verir. Məsələnin geosiyasi mahiyyəti daha çox təhlükə törədəndir. Biz şükür edirdik ki, soyuq müharibə bitdi, amma bəzi qüvvələr onu yenidən zorla meydana gətirirlər”.

Politoloq İlqar Vəlizadə isə, bu soyuq müharibəyə digər dövlətlərin də qatıldığını bildirdi:

“Sovet dövründə ancaq Rusiya və ABŞ məşğul olurdu belə məsələlərlə. İndi Çin məşğul olur bu işlərlə. Çin İraq neftini alan ikinci dövlətdir. Birinci Amerikaya satırlar, ikinci — Çinə. Çin İraqa hərbi dəstək verir. O, deyir ki, mənim də maraqlarım var burada. İndi Çin Rusiya ilə şərti olaraq koalisiyada iştirak eləyirsə, bu o demək deyil ki, Çin Rusiyanı tam mənada dəstəkləyəcək. İndiki hərbi əməliyyatların xüsusiyyəti ondan ibarətdir ki, artıq bir qütblülük yoxdur, çox qütblülük var. Bu qütblər isə burada güclərini sınamaq istəyirlər”.

Sözsüz ki, bütün bunlar Azərbaycanı da ciddi risklərə çəkir. Belə fikirlər var ki, Azərbaycan Rusiya və Türkiyə arasındakı yaranan soyuqluğa görə onlar arasında seçim etməli olacaq. Tofiq Abbasov bu haqda belə düşünür:

“Bizim bəzi yazarlarımız, politoloqlarımız Azərbaycanın çox ciddi vəziyyətdə olmasını dilə gətirirlər, guya Azərbaycan Türkiyə ilə Rusiya arasında seçim edir və seçimə hazır deyil və s. Xeyr, bu heçdə belə deyil. İstər Türkiyə, istərsə də Rusiya — hər iki dövlətlə Azərbaycan bilavasitə sərhəddir. Digər tərəfdən, hər iki dövlət anti-İŞİD foramtında iştirak eləyir. Ola bilsin ki, Moskava ilə Ankara arasında hansısa anlaşılmazlıqlar var. Mən deməzdim ki, Azərbaycan çox çətin seçim qarşısındadır. Çünki, Azərbaycanın seçimi birdir — anti-teror mübarizəsində iştirak etmək. Azərbaycan indi Türkiyə və  Rusiya ilə bağlı hansı formata üstünlük verəcək, bu sırf Azərbaycan siyasi rəhbərliyinin işidir”.

Bəs bütün bu hadisələr Xəzərdəki neft və qaz yataqlarını İŞİD-in və onun müdafiəçilərinin hədəfinə çevrilə bilərmi?—  Bakı Dövlət Universitetinin professoru Kamil Səlimovun fikrincə, Azərbaycanda terror hadisələrinin baş verməsi mümkün deyil:

“Azərbaycanda dəfələrlə beynəlxalq tədbirlərə evsahibliyi edib. Və şükür allaha bizim xüsusi orqanlar sayəsində Avroviziyada, Avropa oyunları zamanı da bir dənə də teror aktı həyata keçirilə bilmədi. Bu da onunla əlaqədardır ki, bizim xüsusi orqan və strukturlar lazimi səviyyədə bunun qarşısını ala bilirlər”.

Lakin fakt budur ki, hər dəqiqə dəyişə bilən dünyada Azərbaycan təhlükələrdən tam sığortalanmayıb. Xəzərin də beynəlxalq savaşlara cəlb edilməsi Azərbaycan və onun enerjidaşıyıcıları üçün ciddi təhdidlər vəd edir.

Xəbər lenti
0