Azərbaycanda vətəndaş cəmiyyətinin təmsilçiləri ölkədə insan haqlarının durumunun pisləşməsi barədə iradları qəbul etmir, fundamental azadlıqların tam təmin olunduğunu bildirir.
İnsan Haqları üzrə Birgə işçi qrupu isə onların fəaliyyəti nəticəsində 16 nəfərin azad edilidiyini 1 nəfərin isə cəza müddətinin azaldıldığını qeyd edib. Bu nəticələr göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoqun inkişafına xidmət edib. Açıqlama da bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğurduğu bildirilir. Onlar həmçinin anti-Azərbaycan qüvvələrinin təkidi və təsiri nəticəsində Avropa Şurası baş katibinin qəbul etdiyi bu əsassız qərarın yalnız Avropa Şurasının nüfuzuna xələl gətirəcəyini də vurğulayıblar.
“Özünü insan haqlarının “cangüdəni” hesab edən Yaqland çox “usta diplomat”dır” bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb. N.Məmmədov qeyd edib: “Neçə illərdir Avropada bütün hüquqları pozulan miqrant-qaçqınlarla bağlı cəmi bir neçə dəfə mövqe bildirməyə cürəti çatıb, amma Komitənin rəhbəri olan kimi təzəcə seçilmiş prezidentə Nobel mükafatının təşəbbüskarı olmaq fürsətini əldən verməyib. Görünür, nəticəsiz qalmayıb – Avropa Şurasının baş katibi olub”.Administrasiya rəhbərinin müavini yazır ki, Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland, şübhəsiz, haralarasa “sədaqəti”nin sonsuz olduğunu göstərir.
“Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın verdiyi açıqlama doğrudan da bizdə təəccüb doğurdu, çünki belə bir qurumun baş katibinin Azərbaycanda dialoqa, əməkdaşlığa və tərəfdaşlığa qarşı çıxması normal hal sayıla bilməz”.Bunu Milli Məclisin deputatı, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Azay Quliyev deyib. O, vurğulayıb ki, Avropa Şurasının və ümumiyyətlə beynəlxalq təşkilatların, əməkdaşlıqla və tərəfdaşlıqla məşğul olan və bu prinsipi əsas tutan, cəmiyyətdə daim harmoniyanı, ictimai barışı təbliğ edən qurumların nümayəndələrinin belə bəyanat verməsi doğrudan da təəssüf hissi doğurur.
Millət vəkili Bəxtiyar Əliyev isə bunu təkcə Yaqlandın Azərbaycana qarşı münasibəti deyil, ümumilikdə Azərbaycana qarşı aparılan bir kampaniya kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında uğurlu fəaliyyəti, Azərbaycan həqiqətlərinin orada dəstəklənməsi ölkəmizə qarşı çirkin siyasi kampaniya aparan siyasi dairələri hiddətləndirir: “Və Yaqlanda ciddi təzyiq göstərildiyi üçün o, həmin siyasi sifarişi yerinə yetirir”.
“Avropa Şurasının baş katibi öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupundan geri çağırmaqla dialoqa qarşı olduğunu ortaya qoydu”. Bunu isə işçi qrupunun üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
S.Məmmədov bildirib ki, bu qərar Avropa Şurasının daşıdığı statusla bir araya sığmır: “Yaqland nəzərə almalı idi ki, Avropa Şurası QHT deyil və bu cür emosional addım atmamalı idi. Yaxşı olardı ki, əməkdaşlığın daha geniş formada davam etdirilməsi barədə təkliflər verəydi. O, belə bir əsas gətirir ki, guya Azərbaycanda siyasi məhbuslar dözülməz şəraitdədir. Bunu deyərkən hansı informasiyaya istinad edirlər?”. O, qeyd edib ki, hətta “siyasi məhbus” olduğu iddia edilən məhbusların özləri də bəyan edir ki, saxlanma şəraiti ilə bağlı onlara heç bir təzyiq yoxdur.