“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Politoloq Elxan Şahinoğlu isə bu haqda belə düşünür:
“Terror aksiyasının arxasında böyük ehtimalla İŞİD dayanır. Bəzi ehtimallar vardı ki, PKK da törədə bilər, amma PKK canlı bomba texnologiyasından adətən istifadə etmir. O da terror təfkilatıdır, daha çox yollara minalar döşəyir və mülki insanlara hücum edir. Amma İŞİD canlı bomba məsələsində peşəkarlaşıb. Digər tərəfdən bir neçə ay öncə Türkiyə ərazisində kürdlərin yaşadığı bir şəhərdə də partlayış törətmişdilər, az qala İŞİD şübhəsi var idi. Orada mitinq keçirmək istəyən solçu qüvvələr və müəyyən qədər PKK-ya rəğbəti olan insanlar idi. Ankarada keçirilən mitinq-yürüşdə də solçu həmkarlar və yenədə PKK-ya simpatiyası olan insanlar vardı, çünki hətta birinin maykasında “Kürcüstan” yazılmışdı. Mən yenə də o ehtimalda qalıram ki, bu hadisəni də İŞİD törədib, çünki İŞİD, PKK və silahlı kürdlər arasında Suriya ərazisində də mübarizə gedir. Və bu mübarizə tədricən Türkiyəyə keçib”.
Politoloq eləcə də Suriyadan gələn qaçqınların içərisində İŞİD-ə rəğbəti olan xüsusi göndərilmiş insanların da ola biləcəyini istisna etmədiyini deyir:
“Müəyyən adamlar da, canlı bombalar da Türkiyə ərazisinə göndərilə bilər. Əslində, İŞİD-lə Türkiyə arasında son aylara qədər elə bir konflikt yox idi. Amma iki ay öncə şəhərdə baş verən partlayışdan sonra Türkiyə təyyarələri İŞİD mövqelərini bombardman etməyə başladı. Ondan sonra İŞİD Türkiyəni hədəf götürdü. Yəni mümkündür ki, qaçqınlar içərisində olsun, Türkiyə vətəndaşları da ola bilər və yaxud İŞİD özü canlı bombaları Suriya ya İraq ərazisindən Türkiyəyə göndərib”.
Politoloq Tofiq Abbasov isə Türkiyə daxili proseslərə teror vasitəsilə təsir göstərmək istəyən qüvvələrin olduğu fikrindədir.
“Bu terorun arxasında duranlar təbii ki, elə bir qüvvələrdir ki, onlar Türkiyənin sabitliyini, inkişafını istəmirlər. Seçki ərəfəsində belə bir şeyin baş verməsi əlbəttə ki, müxtəlif ehtimallar yaradır. Seçki prosesində bu təhlükəli partlayışlar deyilən texnologiyadan tez-tez istifadə olunur. Terorçu qruplara maliyyə və siyasi dəstək verən dairələr, bir qayda olaraq bildirmək lazimdir ki, bunlar Türkiyənin daxilində yox xaricində olan dairələrdir. Təbii ki, onlarda Türkiyənin daxili proseslərinə teror vasitəsi ilə təsir göstərməyə çalışırlar, beşinci kalon axtarışında təbliğat işini aparırlar”.
Politoloq İlqar Vəlizadənin fikrincə, terror hadisələri Türkiyədə keçiriləcək parlament seçkilərinə də təsir edə bilər:
“Türkiyə ətrafında baş verən bütün proseslər keçirilən seçkilərə bilavasitə təsir göstərəcək. Yəqin ki, partiyalar öz siyasi ritorikasında müəyyən dərəcədə dəyişiklik edəcəklər. Bu səfər siyasi ritorika daha sərt və kəskin olacaq, siyasi mübarizələr isə daha ciddi və gərgin şəraitdə keçəcək. Türkiyə cəmiyyətinə bu heçdə müsbət təsir etməyəcək. Çünki, hazırda Türkiyə daxilində ciddi problemlər yaşanır”.
Elxan Şahinoğlunun sözlərinə görə, PKK və kürdlərin öz adamlarını öldürməyi inandırıcı deyil. O, bunun PKK-nın siyasi qanadı olan HDP-nin səslərinə təsir edəcəyini, bəlkə də 10 % —lik baryeri aşacaqlarını qeyd edib.
Xatırladaq ki, oktyabrın 10-da Ankarada törədilən teror aktından sonra Türkiyədə üç günlük matəm elan edilib.