Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qubad İbadoğlu: Azərbaycanda maliyyə amnistiyası elan olunmalıdır

© facebook/ Qubad İbadoğlu / Mediabanka keçidQubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Azərbaycanda postneft dövrünün artıq başlandığını etiraf edən hakimiyyətin keçid dövrü üçün ilk addımlarından biri maliyyə amnistiyası olmalıdır.

BAKI, 13 okt — Sputnik. Azərbaycanda postneft dövrünün artıq başlandığını etiraf edən hakimiyyətin keçid dövrü üçün ilk addımlarından biri maliyyə amnistiyası olmalıdır. 

Sputnik xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Nazirlər Kabinetinin  son müşavirəsində, o cümlədən büdcəyə qənaət edilməsi ilə bağlı səslənən fikirlərə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin son müşavirəsinin iqtisadi sahədə əsas tezisləri sırasında büdcə vəsaitinin qənaətlə işlədilməsi və sahibkarlardan əsassız ödəmələrin tələb olunmaması diqqəti daha çox cəlb etdi: “Hər iki məsələnin indiki situasiyada əhəmiyyətini dəyərləndirməklə yanaşı hesab edirəm ki, hazırda hökümətin qarşısında duran başlıca vəzifələrdən biri də daxildə əlavə maliyyə qaynaqlarının tapılması və xaricdən birbaşa investisiyaların cəlb edilməsi üçün əlverişli biznes mühitinin yaradılmasıdır. Çünki, qənaət öz-özlüyündə ictimai vəsaitlərin istifadəsində rasionallığı və səmərəliliyi artırsa da, bu sonzuluğa qədər davam edə bilməz. Bisnesin fəaliyyət imkanlarının genişləndirilməsi isə əlavə maliyyə qaynaqlarının təmini üçün çox vacibdir.”

Onun fikrincə, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu Azərbaycanı 40-cı yerdə qərarlaşdırıb və ölkəmiz dünyanın 40 ən rəqabətli ölkəsi ilə bir qrupdadır. “Ona görə də Azərbaycan investorlarla  əlaqədar qanunvericiliyin, xüsusilə də vergi və gömrük rejiminin dəyişdirilməsindən qaynaqlanan təsirlərdən sığortalanmalı və onlara bununla bağlı bəzi təminatlar verilməlidir. Çünki, son zamanlar vergi qanunvericiliyin qeyri-əlverişli şərtlərlə dəyişdirilərək sərtləşdirilməsi nəticəsində əlaqədar orqanların əsassız yoxlamaları və haqsız cərimələri fonunda müşahidə olunan ekspropriasiya (bir qrup tərəfindən başqa bir qrupun mülkiyyətinin icbari, zorakılıq yolu ilə qəsb edilməsi) kiçik və orta sahibkarların bir sinif kimi sıradan çıxarılması təhlükəsi yaradıb.”

Ekspert eyni zamanda hesab edir ki, Azərbaycanda postneft dövrünün artıq başlandığını etiraf edən hakimiyyətin keçid dövrü üçün ilk addımlarından biri maliyyə amnistiyası olmalıdır. “Ölkəyə neft gəlirlərinin sürətlə və iri həcmlərdə daxil olduğu son illərdə gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması, xaricə aparılan kapitalın geri qaytarılması, getdikcə artan və kütləviləşən məhkəmə çəkişmələri ilə müşahidə olunan vergi borc öhdəliklərinin həlli üçün hazırkı şəraitdə maliyyə amnistiyasının elan olunmasını zərurətə çevirib. Bu tədbir yeni iqtisadi situasiyada məlum çətinliklərlə üzləşən bazar subyektləri, biznes qurumlarının fəaliyyətinin təşviqinə xidmət edər və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün vacibliyi getdikcə artan investisiya qoyuluşları probleminin həllinə töhfə ola bilər. Hazırda Azərbaycanda büdcə gəlirlərinin formalaşmasında, ölkəyə xarici sərmayələrin cəlb olunmasında müşahidə olunan çətinlikləri nəzərə alaraq hökümətdə bu istiqamətdə müzakirələr başlanmalı, ümumi vergi amnistiyası elan olunmalı, vergi ödəyicilərinə münasibətdə “təmiz səhifə”dən başlanılmalı, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması üçün xüsusi proqram qəbul edilməlidir.”

Xəbər lenti
0