BAKI, 12 okt — Sputnik. Prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir.
Sputnik-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
O qeyd edib ki, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır. Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Dövlət başçısı bildirib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.