BAKI, 12 okt — Sputnik. Oktyabrın 19-da İranın Şərqi Azərbaycan vilayətinin (ostandarlıq) valisinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri başlayır. Spuntik xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şərqi Azərbaycan ostandalığının valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da Naxçıvana səfər edəcək. “Oktyabrın 20-si və 21-də isə Bakı və Gəncəyə səfər ediləcək”, deyən səfir bildirdi ki, bu səfər hər iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək: “Şərqi Azərbaycan həm iqtisadi, həm turizm, həm də tibbi turizm cəhətdən inkişaf etmiş vilayətlərdən biridir. Bundan əlavə olaraq Azərbaycan xalqının qəlbində bir Təbriz sevgisi var. Bu baxımdan bu səfər əlaqələrin inkişafında mühüm rol oynayacaq. Biz iki ölkənin sərhəd bölgələrinin əlaqələrini yaratmaqla ölkələr arasındakı münasibətlərin inkişafına nail olmaq istəyirik.”
Səfir onu da əlavə etdi ki, bir aydan sonra Gilan vilayətinin valisinin rəhbərlik etdiyi nümayəndə heyəti də Azərbaycana səfər edəcək.