BAKI, 12 okt-Sputnik. Astara rayonunun Sım kəndinin 20 yaşlı sakini Natiq Böyükağazadə ovlanması tamamilə qadağan olunmuş, Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmiş bəbiri öldürüb.
O, hadisəni oktyabrın 8-də saat 22.00 radələrində yaşadığı kənddə yerləşən meşə zonasında atasına məxsus ov tüfəngi ilə törədib.
Sputnik Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Böyükağazadə bəbirin dərisini oktyabrın 9-da Astara rayonunun Çükəş kəndində qohumu Səməd Fərəcovla birlikdə satmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Böyükağazadəyə iş üzrə təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində davam etdirilir.