BAKI, 12 okt-Sputnik. Avropa qitəsinə daxil olan ölkələrdə fəaliyyət göstərən jurnalist təşkilatlarının ümumi toplantısı keçirilib. Serbiyanın paytaxtı Belqrad şəhərində 10-11 oktyabr 2015-ci il tarixlərində keçirilən toplantıya Avropanın 40 ölkəsindən 45 jurnalist təşkilatı qatılıb.
Bu barədə Sputnik-ə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli məlumat verib.
Avropa Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə keçirilən toplantıda iştirak edən Ələsgərli bildirib ki, Avropanın nüfuzlu media təşkilatlarının təmsilçilərinin qatıldığı tədbirdə əsas müzakirə mövzusuları "Medianın inkişafında jurnalist təşkilatlarının rolu" və "Şərqi Avropada jurnalist təşkilatlarının durumu" olub. Bununla yanaşı, aktuallığı nəzərə alınaraq, "Balkan ölkələrində medanın özəlləşdirilməsi prosesi: problemlər və perespektivlər" mövzusu xüsusi hal kimi müzakirəyə çıxarılıb: "Balkan ölkələrində yeni media qanunvericiliyinə uyğun olaraq, medanın yenidən özəlləşdirilməsi proqramı həyata keçirilir. Burada həm dövlət nəzarətində olan KİV-lər özəlləşdirilir, həm də, özəl media təşkilatlarının statuslarının yeni qanunvericiliyə uyğunlaşdırılması tələbi var. Prosesin gedişində media professionallarını narahat edən məqamlar yaranıb. Proqram yüzlərlə jurnalistin iş yerini itirməsi ilə müşayiət olunur ki, bu zaman iş yerini itirən jurnalistlərin hüquqlarının qorunması mexanizminin hazırlanmaması ciddi problemlər yaradır. Əlavə olaraq, özəlləşdirilən KİV-lərin əksəriyyəti maliyyə qaynaqları şəffaf olmayan qrupların əlinə keçir ki, bu da bölgədə müstəqil media qurumlarının sayının kəskin azalması deməkdir. Avropanın jurnalist təşkilatları bu tendensiyanın genişlənəcəyindən, qısa müddətdə bütün Avropa üçün xarakterik hala çevriləcəyindən narahatdırlar".
Avropalı ekspertlər qeyd ediblər ki, onsuz da, son illər qitədə media sahibkarlığı məsələsində qeyri-şəffaflığın artması, nüfuzlu media qurumlarının qeyri-rəsmi güclərin təsir dairəsinə düşməsi və onların maraqlarının təmsilçisinə çevrilməsi halları genişlənir. Reklam işinin iri korporasiyalar üçün maliyyə maxinasiyası vasitəsinə çevrilməsi isə bu tendensiyanı daha da təhlükəli edir.
JuHİ sədri bildirib ki, konfrans iştirakçıları neqativ tentensiyaların qarşısının alınması üçün jurnalist təşkilatlarının inkişaf etdirilməsinin, media qurumları arasında həmrəyliyin artırılmasının, əlaqələrin gücləndirilməsinin zəruri olduğu fikrini bölüşüblər.