BAKI, 11 okt — Sputnik. Avstriya bəstəkarı İosif Haydn (1732-1809) Prusiya kralı II Fridrixin ona bağışladığı üzüyünü barmağına taxmamış musiqi bəstələməzdi.
Böyük ingilis şairi Con Milton (1608-1674) başını arxa tərəfə əyməmiş şeir yaza bilməzmiş.
Qədim dövrün ən görkəmli natiqi Demosfen uşaqlıqda pəltək imiş və danışarkən ciddi surətdə kəkələyirmiş. Uzun müddət inadla, təkidlə çalışmaq, məşq etmək, bu sahədə bütün iradə qüvvəsini səfərbərliyə almaq nəticəsində o, bu fiziki qüsuru aradan qaldırmağa və hətta öz dövrünün ən mahir natiqi olmaq səviyyəsinə nail olmuşdur.Edison özünün laboratoriyasında işləyən qıza yaxınlaşaraq soruşur:
— Siz Edisonun xanımı olmaq istərdinizmi?
Müsbət cavab aldıqdan sonra o, tezliklə toy gününü təyin edir. Toy günü Edison öz xanımından yarım saat müddətinə laboratoriyaya getmək üçün icazə istəyir. Edisonun xanımı və qonaqlar onu nə qədər gözləyirlərsə də o gəlib çıxmır. Narahat olan qonaqlar laboratoriyaya gedirlər. Edison onu işdən ayıranlardan bunun səbəbini soruşduqda yadına düşür ki, bu gün onun toy gecəsidir.
Leybnis — horizontal, Heminquey — ayaq üzrə duraraq, Bethoven — otaqda gəzişərək düşünüb, ideyanı formalaşdırıb yalnız ondan sonra kağıza köçürərmiş.
Fransız filosofu, utopik — sosialist Jan Jak Russo yalnız qızmar günəş altında ot çalarkən ən dərin mühakimə yürüdə bilərdi.
Şair və dramaturq İohan Şilleri çürümüş alma iyi yaradıcılığa ruhlandırırdı. Bu səbəbdən o həmişə stolun gözündə alma saxlayardı.
Şairə Elizabet Bşion yatmamışdan qabaq rokfor pendiri yeyərdi. O belə düşünürdü ki, bunun nəticəsində o yaxşı yuxular görəcək, bu isə öz növbəsində onu gözəl şeirlər yazmağa ruhlandıracaq.
Çarlz Dikkens yazı masasının arxasında əyləşərkən üzünü şimal tərəfə çevirərdi. O belə zənn edirdi ki, Şimal qütbünün maqnit sahəsi yaradıcılığa müsbət təsir edir.
Gənclik illərində Bethoven tez-tez başına soyuq su tökürdü, çünki fikirləşirdi ki, beynin fəaliyyətini stimullaşdırır.
Məşhur fransız izahlı lüğətini tərtib edən Buast ciddi şəkildə mənəviyyat məsələlərində ciddi mühafizəkar idi və öz lüğətindən də bütün əxlaqsız terminləri çıxarmışdı. Günlərin bir günündə məclislərin birində bir xanım ona kompliment demək istəyir və onu təbrik edir ki, o öz əsərini «bütün əxlaqsız sözlər zəhərindən təmizləyib».
Lakin Buast kobud bir insan idi və qadınlarla çətin yola gedirdi. Qadının bu cür xoş sözlərinin müqabilində deyir:
— Siz nə cür bildiniz ki, orada belə sözlər yoxdur. Deməli, siz orada bunları axtarmısınız.
Kayzen